ABŞ-ın Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olub.
İnstitutdan bildirilib ki, rektor Aqil Şirinov ilə keçirilən görüşdə qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Rektor Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, Azərbaycan dövlətinin ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.
A.Şirinov institutda mövcud ixtisaslar, təhsil səviyyələri barədə danışıb, tədrisin məzhəblərüstü aparıldığını diqqətə çatdırıb.
Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı Nortvud kilsəsinin baş pastoru Bob Roberts təmsil etdiyi təşkilat haqqında geniş məlumat verib. O, dünyada radikallığın artdığı müasir dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyib, bu praktikanın öyrənilməsinin vacib olduğunu bildirib.
Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub.