Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində oktyabrın 29-da Vaqif Mustafazadə adına 2 nömrəli İncəsənət məktəbində Xalq artisti, tarzən Elçin Həşimov ilə görüş keçirilib.

Görüşdə tar alətində ifaçılıq ənənələri, peşəkar milli musiqi mədəniyyətinin inkişafında tarın rolu, uşaq və gənclərin bədii zövqünün formalaşdırılması məsələləri üzrə söhbət aparılıb.

Elçin Həşimov sənətdə ilk addımlarından, tar alətinin milli musiqimizdə özünəməxsus yerindən, həmçinin ifaçılıq təcrübəsindən bəhs edib.

2 nömrəli İncəsənət məktəbinin müəllimi, “Muğam aləmi” VI Beynəlxalq Muğam Müsabiqəsinin Qran-pri mükafatçısı Vaqif Təhməzovun (nağarada Siyavuş Kərimovun müşayiəti ilə), Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi məktəbinin 10-cu sinif şagirdi Hüseyn Əliyevin ifasında müxtəlif musiqi əsərləri səslənib.

Ustad dərsi formatında keçirilən görüşdə sənətçi iştirakçıları maraqlandıran sualları cavablandırıb, yeni musiqi albomunu gənc tar ifaçılarına hədiyyə edib.