Oktyabrın 28-də  Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Fidan Hacıyeva Vokal Musiqi Məktəbində sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Z.Bağırovanın “Bəzən bir ümid...” adlı fərdi sərgisi açılıb.

Tədbirdə Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyev, Yunus Əmrə İnstitutu Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç, tanınmış incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.

Çıxış edənlər rəssamın yaradıcılıq potensialını və sənət zövqünü xüsusi vurğulayıblar. Bildirilib ki, müəllifin əsərlərindəki zəngin ifadə gücü və orijinallıq tamaşaçının diqqətini cəlb edir.

Səkinə Z.Bağırova sərgidə nümayiş olunan işlərin şəxsi yaradıcılıq yolunun bir növ xronikası olduğunu vurğulayıb. O hər bir rəsm, qrafika və miniatürün həyatının müxtəlif dönəmlərini əks etdirdiyini söyləyib, sərginin təşkilində əməyi keçən hər kəsə  minnətdarlığını bildirib.

Sərginin açılışından sonra Xalq artisti Fidan Hacıyeva və Əməkdar artist Fərid Əliyevin, o cümlədən “Mezzo” kamera orkestrinin ifasında klassik musiqilərdən ibarət proqram təqdim olunub.

Təsviri sənətin müxtəlif janrlarında işləyən rəssamın yaradıcılığında lirik simvolizm və lirik dekorativizm üslubları səciyyəvidir. Sərgidə müəllifin 60-a yaxın rəngkarlıq, qrafika, batika və miniatür əsərləri yer alıb.

Sərgi noyabrın 8-dək ziyarət üçün açıq olacaq.

Qeyd edək ki, Dünya Xalq Yaradıcılıq Təşkilatının (International Organization of Folk Art) (IOV) və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Səkinə Z. Bağırovanın əsərləri ölkəmizdə və xaricdə sərgilərdə nümayiş olunub. Bir sıra əl işləri ölkəmizlə yanaşı, ABŞ, Fransa, Almaniya, Ukrayna, Rusiya, Özbəkistan, Filippin və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hazırlanan "Kristal sarayda” tamaşasına bədii tərtibat verib. O, həmçinin “ЯR”, “Cinayət məcəlləsi”, “Edam məhkumunun son günü” qısametrajlı filmlərinin rəssamıdır.