Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Gənclər Təşkilatının keçirdiyi İnnovasiya Həftəsi başa çatıb.
UNEC-dən bildirilib ki, İnnovasiya Həftəsi tələbələrə innovasiya sahəsində yenilikləri təşviq etmək və onların bu istiqamətdə yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyıb. Həftə ərzində tələbələr üçün innovasiyaya aid müxtəlif seminarlar, təlimlər, panel müzakirələri, eləcə də startap ideyalarından ibarət hakaton təşkil edilib.
Xatırladaq ki, İnnovasiya Həftəsinin rəsmi açılışında tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova yeni yaradılmış UNEC İnnovativ Gənclər Təşkilatının fəaliyyətindən danışıb. UNEC İnnovativ Gənclər Təşkilatının sədri Samir İsmayılzadə İnnovasiya Həftəsi barədə məlumat verib.
Tədbirin panel müzakirələrində ölkənin aparıcı şirkətlərinin nümayəndələri innovasiya və rəqəmsal texnologiyalar barədə təqdimatlarla çıxış ediblər və tələbələrin suallarını cavablandırıblar.
Həftə çərçivəsində rəqəmsal layihələrdən ibarət innovasiya sərgisi keçirilib. Eləcə də intellektual yarış və minihakaton təşkil olunub. Hakatonda Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrdən ibarət komandaları yaşıl iqtisadiyyat mövzusunda təqdimatlar hazırlayıblar. Sonda münsiflər heyətinin qərarı ilə “Eco solition” layihəsi qalib seçilib.
İnnovasiya Həftəsinin sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib komandanın üzvləri “In4Tech Academy”də 100 faiz təqaüdlə təhsil almaq imkanı qazanıblar. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub. İnnovasiya Həftəsi konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, İnnovasiya Həftəsinin rəsmi tərəfdaşı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, əsas tərəfdaşı “Bakcell” şirkəti, sponsoru isə və “In4Tech Akademiyas”ı olub.