30-31 oktyabr tarixlərində Türkiyənin Kahramanmaraş şəhərində “Yazılışının 950-ci ildönümündə Beynəlxalq “Divanü lüğat-it-türk” Simpoziumu” keçirilir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və digər təşkilatların birgə keçirdiyi simpoziumda Azərbaycan alimləri də iştirak edirlər.
Simpoziumun açılışında Türk Dil Qurumunun sədri professor Osman Mərt, Azərbaycan Atatürk Mərkəzinin sədri akademik Nizami Cəfərov, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək “Divanü lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər.
Simpoziumun bölmələrindən birinə – Kaşğarlı Mahmud salonuna professor Nadir Məmmədli moderatorluq edib.
Həmçinin simpoziumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Müasir Azərbaycan dili kafedrasının müdiri filologiya elmləri doktoru Könül Səmədovanın məruzələri dinlənilib.