Azərbaycan
30 oktyabr 1880 – Xalq artisti, ustad tarzən Qurban Baxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
30 oktyabr 1907 – Əməkdar mədəniyyət işçisi, jurnalist, tərcüməçi Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) Bakıda doğulub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
30 oktyabr 1928 – Tanınmış sənətşünas alim, akademik Rasim Səməd oğlu Əfəndiyev (1928 – 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 1992 – Əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllim oğlu Mütəllibov (13.4.1929 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
30 oktyabr 2005 – Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib.
31 oktyabr 1910 – Əməkdar artist Ağa Əsgər oğlu Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.
31 oktyabr 2012 – Bakıda görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün abidəsinin (heykəltaraş: Akif Əsgərov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.
1 noyabr 1923 – Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923-1998) Bakıda anadan olub.
1 noyabr 1945 – Kinorejissor, ssenarist Nicat Feyzullayev (1945–2015) Bakıda tanınmış rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. “Küçələrə su səpmişəm” bədii və çoxsaylı sənədli filmlər çəkib.
1 noyabr 1965 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 12.4.1889 – 1965) vəfat edib. 1930–60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
1 noyabr 2005 – Əməkdar artist Bürcəli Veysəl oğlu Əsgərov (15.2.1933 – 2005) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Filmlərdə, televiziya tamaşalarında çəkilib.
1 noyabr 2022 – Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Leyla Həzrət qızı Səfərova (15.10.1945 – 2022) vəfat edib.
2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. N.Tusi adına ADPİ-də işləyib. Dünya xalqları ədəbiyyatından tərcümələr edib.
2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.
2 noyabr 1937 – Əməkdar artist, xanəndə Kifayət Gəncəli (Kifayət İslam qızı Məmmədova; 1937 – 22.9.2024) Gəncə şəhərində anadan olub.
2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.
2 noyabr 1955 – Əməkdar artist Rafiq Əli oğlu İbrahimov (1955 – 13.9.2024) Bakıda anadan olub. Sumqayıt teatrında çalışıb, otuz ilə yaxın Bakı Bələdiyyə Teatrının aktyoru olub, filmlərdə çəkilib.
2 noyabr 1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884–1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Dram Teatrının aktyoru olub.
2 noyabr 1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çalışıb.
3 noyabr 1943 – Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870–1943) vəfat edib. Tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.
3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
3 noyabr 1997 – Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva (23.11.1937 – 1997) vəfat edib. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.
3 noyabr 2007 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Məşədi oğlu Mirzəzadə (21.2.1921 – 2007) vəfat edib. Tematik tablolar, portret janrında uğurlu nümunələr yaradıb, teatr tamaşalarına bədii tərtibat verib.
4 noyabr 1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov (1944 – 9.2.2020) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azanfilm” studiyasında işləyib.
4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət...”, “Yalan”) çəkilib.
4 noyabr 1967 – Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 – 1967) vəfat edib. “Arşın mal alan” (1945) filmində Soltan bəy obrazına görə Dövlət mükafatına layiq görülüb.
Dünya
30 oktyabr 1751 – İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan; 1751–1816) anadan olub.
30 oktyabr 1871 – Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery – Ambroise Paul Toussaint Jules Valery; 1871–1945) anadan olub.
31 oktyabr 1922 – SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 – 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.
31 oktyabr 1993 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 20.1.1920 – 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım” və s.
1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux; 1636 – 13.3.1711) anadan olub.
1 noyabr 1781 – Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781–1854) anadan olub.
2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 – 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.
2 noyabr 1950 – İrland əsilli Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 26.7.1856 – 1950) vəfat edib.
3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797–1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801–1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869–1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.
4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni; 1575–1642) anadan olub.
4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner; 1923–2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.
Hazırladı: V.Orxan