Noyabrın 5-də görkəmli səhiyyə xadimi, tibb elmləri doktoru, professor İbrahim Topçubaşovun anadan olmasının 100 illiyi tamam olur.
İbrahim Mustafa oğlu Topçubaşov 1924-cü ildə Bakı şəhərində dünyaşöhrətli cərrah akademik Mustafa bəy Topçubaşovun ailəsində anadan olub. Anası Reyhan xanım respublikamızın ilk maarifpərvər, rəssam-musiqişünas qadınlarındandır. Teatr rəssamı kimi fəaliyyəti ilə yanaşı, o həm də Azərbaycan Rəssamlar İttifaqının sədr müavini vəzifəsində işləyib. Atası Mustafa bəy Topçubaşov isə ölkəmizin tanınmış novator cərrahlarından olmaqla ictimai və dövlət xadimi kimi məşhur idi.
İbrahim Topçubaşov 1941-ci ildə Bakı şəhər 16 saylı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU) Müalicə-profilaktika fakültəsinə daxil olub, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1950-ci ildə klinik ordinaturanı başa vuraraq 1953-cü ilə kimi Quba Rayon Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Qəlbi doğma xalqına xidmət etmək arzusu ilə döyünən İ.Topçubaşov bu müddətdə həkimlik vəzifəsini şərəflə yerinə yetirməkdən əlavə, rayonun ictimai həyatında da fəal iştirak edib.
Hələ tələbəlik illərindən elmi işə böyük maraq göstərən İ.Topçubaşov 1951-ci ildə “Analgezin keyitməsi zamanı xəstələrin sinir-psixi duyğuları” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib. 1953–1958-ci illərdə isə Maştağa qəsəbə xəstəxanasının cərrahiyyə şöbəsində müdir olub.
İ.Topçubaşov 1958-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Fakültə cərrahlığı kafedrasına dosent seçilib və 1963-cü ilədək bu vəzifədə çalışıb. Alim elmi-tədqiqatlarını davam etdirərək 1961-ci ildə “Mədəaltı vəzi və fater məməciyinin xərçəngi” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 1963-cü ildə işlədiyi kafedranın professoru seçilib.
İ.Topçubaşov geniş dünyagörüşünə, müstəsna istedada və dərin zəkaya malik idi. O, gərgin əməyi və böyük işgüzarlığı ilə hamını valeh edirdi. Məhz bunun nəticələridir ki, İ.Topçubaşov cərrahlığın müxtəlif sahələrində (abdominal və torakal cərrahlıqda, neyrocərrahlıqda, urologiyada) eyni qüvvə ilə müvəffəqiyyətlə işləyirdi.
***
Alim eyni zamanda həvəskar kimi də fəaliyyət göstərirdi. Onun bəstələdiyi “Süfrə”, “İntizar”, “Anacan”, “Görüş”, “Hamıdan göyçək”, “Mən həmişə səninləyəm”, “Qubalı qız”, “Söz olmasaydı”, “Ərəb qızına”, “Karvan”, “Xəzərim” , “Narınc”, “Oyan, gözəlim”, “Pambığım” və s. mahnılar bu gün də müğənnilərimizin repertuarını bəzəyir, radio və televiziya ilə tez-tez səsləndirilir. Onun mahnıları Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də müəllifinə şöhrət qazandırır. İ.Topçubaşov 1968-ci ildə Türkiyədə olarkən “Dağlarda duman gözəldi” mahnısı Nesrin Sipahi tərəfindən ifa olunur və müğənni həmin mahnını İranda yazılmış bir valdan götürdüyünü qeyd edir.
İ.Topçubaşova görə, təbabətlə musiqi arasında getdikcə yaxınlıq daha da artır. Müsbət musiqi emosiyası qorxaqlığı, kədəri, kinliliyi dəf edir, insana həyat eşqi, yaşamaq həvəsi verir. Alim-bəstəkarın musiqi əsərləri Tehranda, İstanbulda, Qahirədə və s. şəhərlərdə lentə, vala köçürülərək əbədiləşdirilib.
Musiqinin cərrahiyyədə tətbiqi İ.Topçubaşovu daim düşündürən problem idi. Təbabət tarixində I Dünya müharibəsinə qədər ilk dəfə Bexterev musiqinin müxtəlif xəstəliklərə təsiri məsələlərini öyrənmişdi. Musiqinin cərrahiyyə otağında Keyn (1914), Kirşner (1931) Çikaqo universitet klinikasında (1948–1954-cü illər) tətbiq olunması İ.Topçubaşovu bu sahədə ümidləndirir, musiqinin cərrahiyyədə tətbiqi ideyasını yaradır. Əməliyyata qədərki dövrdə qorxu və həyəcan hissini, yuxusuzluğu, ümumi narahatlığı musiqi vasitəsilə aradan götürməklə əməliyyatdan sonrakı dövrün qənaətbəxş keçməsinə nail olunur. Əməliyyat otağına musiqini verərkən xəstənin musiqi zövqünün nəzərə alınması, musiqini eşitmə diapazonu, elektroensefaloqrafiya, elektrokardioqrafiya, hemodinamiki göstəricilər, tənəffüs tezliyi və s. öyrənilib. Alim 1965-ci ilin may ayında cərrahların Moskvada keçirilən ümumittifaq qurultayında “Təbabət və musiqi” mövzusunda çıxış etmiş və onun tədqiqatları maraqla qarşılanmışdı.
İ.Topçubaşov 140 elmi əsərin, 4 monoqrafiyanın, 4 səmərələşdirici təklifin və ixtiranın, 16 000-ə qədər kiçik və böyük həcmli cərrahi əməliyyatın müəllifidir. O, Moskva, Sankt-Peterburq, Bratislava, Praqa, Tokio, Roma, Budapeşt, Buxarest, İstanbul, Ankara və başqa şəhərlərdə Azərbaycan və keçmiş sovet cərrahlığını dəfələrlə ləyaqətlə təmsil edib. Görkəmli səhiyyə xadiminin 1968-ci ildə Türkiyə Səhiyyə Nazirliyi, Ankara Tibb Universiteti və Türkiyə Onkoloji Cəmiyyətinin dəvəti ilə qardaş ölkəyə səfəri xüsusilə yaddaqalan olub. İ.Topçubaşov Ankara, İstanbul, İzmir universitetlərində bir ay ərzində 10 mühazirə oxumalı idi. Lakin SSRİ səfirliyindən onun səfər müddətinin 15 gün uzadılması xahiş olunur. Türkiyə Onkoloji Cəmiyyətinin “Kanser haberleri” jurnalının 1968-ci il noyabr nömrəsi bütünlüklə onun Türkiyədə olduğu 45 günlük fəaliyyətinə həsr edilir.
O, Türkiyədə oxuduğu 24 mühazirənin qonorarını həmin universitetlərin cərrahiyyə klinikalarının hesabına köçürür.
İ.Topçubaşovun türkiyəli Məcid bəy Doğru, Mühiddin Ülkər, İzzət Kantemir kimi tibb alimləri ilə 1966-cı il Tokioda keçirilən XII Ümumdünya onkoloqlar konqresində tanışlığı sonradan möhkəm dostluğa çevrilir. Daha sonra görkəmli pediatr, professor İhsan Doğramacı ilə dostluq əlaqələri yaradır.
İtaliya vətəndaşlarına təmənnasız tibbi yardım göstərdiyinə görə İtaliya hökuməti İ.Topçubaşovu ölkənin ən yüksək mükafatlarından sayılan “Haribaldi qızıl medalı” ilə təltif edir. İtaliya Cərrahiyyə Cəmiyyətində “Qoca adamlarda cərrahi əməliyyat zamanı risk”, Florensiya Universitetində “Öddaşı xəstəliyi və şəkərli diabet”, Sofiya Universitetində (Bolqarıstan) “Xərçəngin əmələ gəlməsində radioaktiv şüaların rolu” mövzularında mühazirələri böyük maraqla qarşılanıb.
İ.Topçubaşov Azərbaycan Cərrahlar Cəmiyyəti idarə heyətinin üzvü, Azərbaycan SSR Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası rəyasət heyətinin üzvü, cərrahlıq üzrə problem komissiyasının sədri, “Eksperimental cərrahiyyə və anesteziologiya” jurnalı redaksiya şurasının üzvü, heronto-cərrahiyyə laboratoriyasının rəhbəri idi. O, Piroqov adına Leninqrad, Vişnevski adına Moskva cərrahiyyə cəmiyyətlərinin üzvü, Rumıniya və Bolqarıstan cərrahiyyə cəmiyyətlərinin, Yan-Purkinye adına Çexoslovakiya Tibb Cəmiyyətinin, Türkiyə Onkoloji Cəmiyyətinin fəxri üzvü olub.
Professor İbrahim Topçubaşov məhsuldar yaradıcılığının coşqun vaxtında 23 fevral 1970-ci ildə, 45 yaşında vəfat edib. Dünyaşöhrətli tibb aliminin parlaq, unudulmaz xatirəsi onu tanıyanların, tibb ictimaiyyətinin, tələbələrinin xatirəsində əbədi yaşayacaq.
Şəfa Əliyev
ATU-nun III cərrahi xəstəliklər kafedrasının dosenti, M.Topçubaşovun Xatirə Muzeyinin rəhbəri