Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Lyudmila Duxovnaya Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunub.
Aktrisa ölkəmizdə teatr sənətinin inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illiyi münasibətilə bu təltifə layiq görülüb.
Fəxri diplom oktyabrın 26-da Akademik Rus Dram Teatrının “Çexov tüfəngi” tamaşasının (müəllif və quruluşçu rejissor İlqar Safat) premyerası zamanı mədəniyyət naziri Adil Kərimli tərəfindən yubilyara təqdim edilib.
Aktrisanı yubiley münasibətilə təbrik edən nazir onun ömrünün böyük bir hissəsini səhnə sənətinə həsr etdiyini bildirib, yaratdığı maraqlı obrazlar qalereyası ilə tamaşaçıların rəğbətini qazandığını deyib.
Lyudmila Duxovnaya fəaliyyətinə verilən dəyərə görə nazirə təşəkkürünü bildirib.
Qeyd edək ki, Lyudmila Semyonovna Duxovnaya 1944-cü il oktyabrın 23-də Bakıda anadan olub. 1965-ci ildə Teatr İnstitutunu (indiki ADMİU) bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyət göstərir. Aktrisa teatrda, eləcə də kinoda 120-dən çox obraza həyat verib, məharətli oyunu ilə tamaşaçıların yaddaşında iz qoyub. “Əməkdar artist” (1978), “Xalq artisti” (1991) fəxri adlarına layiq görülüb. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Duxovnaya 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, həmçinin Teatr Xadimləri İttifaqının “Qızıl dərviş” mükafatçısıdır.