Nazirin ADMİU kollektivi ilə görüşündə bir sıra aktual məsələlər qaldırılıb
Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi ilə görüşüb.
Görüşdə nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. O cümlədən sahə üzrə pedaqoji kollektivlərin əməyi qiymətləndirilir, müəllimlər təltif və mükafatlara layiq görülürlər.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu sahədə kadr hazırlığına böyük əhəmiyyət verilir və Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki hər bir sahədə keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqlarını, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Hazırda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır.
Görüşdə diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə kadr potensialının inkişaf etdirilməsini prioritet hesab edir. Bu məqsədlə elan olunan təqaüd proqramı çərçivəsində ilk olaraq 20 tələbənin xaricdə bakalavriat və magistratura səviyyələrində təhsilinə dəstək veriləcək.
Kino sahəsinin inkişafından da danışan nazir ötən il Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə birgə dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin keçirildiyini deyib. Qeyd edib ki, bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb. Nazirlik tərəfindən tələbə filmlərinin istehsalına da dəstək göstəriləcək.
Görüşdə ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilə imzalandığını deyib. Vurğulayıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Onlardan 6-sı ekranlaşdırılıb, qalan 6 layihə isə çəkiliş prosesindədir. Bu layihələrdən ADMİU-nun tələbəsi Kamal Müşfiq İbadovun “Motivator” filmi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin təşkilatçılığı ilə Moskvada keçirilən “Yüksəliş” beynəlxalq tələbə film festivalında “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında mükafata layiq görülüb. Həmçinin ADMİU festivalda fəal iştirakına görə diplomla təltif edilib.
Sonra nazir dərslik və dərs vəsaitlərinin nəşri, aktyorlara təyinatın verilməsi, gənclərin kino sahəsinə marağının artırılması, magistratura səviyyəsində təhsil, yeni ixtisaslar və s. mövzularda təklifləri dinləyib, müvafiq sualları cavablandırıb.
Pedaqoji heyətin dərslik və dərs vəsaitlərinin nəşri ilə bağlı məsələ barədə danışan nazir bildirib ki, Mədəniyyət Nazirliyi hər il ölkə nəşriyyatlarından kitabların satın alınmasını həyata keçirir. Ötən ildən nəşriyyatlardan daha çox elmi və elmi-kütləvi kitablar alınır və respublika kitabxanalarına paylanılır.
Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifi ilə bağlı bildirilib ki, hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbə məzun olur: “Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir”.
Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.
Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür. “TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.
Magistratura pilləsi və yeni ixtisaslarla əlaqədar söz açan nazir son illərdə ölkəmizdə təhsilin normativ-hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü söyləyib.
Nurəddin