Ölkəmizdə gənclərin xaricdəki nüfuzlu universitetlərdə təhsil alması, təlim kursları və beynəlxalq təcrübə proqramlarında iştirakı diqqətdə saxlanılır. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında “Mədəniyyət və yaradıcı sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti də əksini tapıb.

MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib. Nazirliyin Kollegiyasının qərarı ilə “MYS üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub və proqram üzrə qəbul elan edilib.

Oktyabrın 25-də təqaüd proqramı üçün seçim mərhələsinin başa çatması və proqram üzrə komissiya tərəfindən müəyyən edilən namizədlərin elan olunması ilə bağlı mətbuat konfransı keçirilib.

Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, mədəniyyət nazirinin müşavirləri Cəsarət Valehov və Cahangir Səlimxanov çıxış ediblər.

Diqqətə çatdırılıb ki, MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində 2026-cı ilin sonunadək 60 nəfər tələbənin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub. Təqaüd proqramında bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlarla bağlı təhsil seçimləri mümkündür.

15 avqust – 15 sentyabr tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilib. Bu müddətdə edu.creative.az saytı üzərindən 26 namizəd qeydiyyatdan keçib və onlardan 21 nəfər müsahibədə iştirak etmək şansı qazanıb. 8 nəfər bakalavriat, 13 nəfər magistratura səviyyəsi təhsil üçün müraciət edib.

Namizədlərin sənədlərinin təhlilindən aydın olur ki, müraciət edənlərin qəbul aldığı təhsil ocaqları yüksək reytinqli xarici ali təhsil müəssisələri və seçilən ixtisaslar da prioritet sahələrdir. Müraciətlər diqqətlə nəzərdən keçirilib və 18 nəfərin təhsil və yaşam xərclərinin təqaüd proqramı çərçivəsində maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib. Bundan əlavə, təqaüd proqramından öncə nazirliyə müraciət etmiş iki tələbənin təhsil və yaşam xərclərinin də dəstəklənməsi qərara alınıb.

Qeyd edək ki, “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları”na əsasən, proqram iştirakçıları məzun olduqdan sonra nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlarda təhsil aldıqları ixtisaslaşma istiqamətləri üzrə 3 ildən az olmayan müddətdə əmək fəaliyyəti, habelə müvafiq qurumlar tərəfindən təşkil edilən ustad dərslərində təlimçi qismində iştirak etmək kimi öhdəlikləri üzərinə götürür.