Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Urbanda görüşərik” layihəsi çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin (1369–1419) 655 illiyinə həsr olunmuş “Haqq məndədir” adlı bədii-musiqili gecə keçirilib.

AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Gəncə Maarif Evinin direktoru İmamverdi Vəliyev və başqaları tədbirdə iştirak ediblər.

“İmadəddin Nəsiminin həyat və yaradıcılığına dövlət qayğısı”, “Nəsimi obrazı Azərbaycan incəsənətində”  adlı məruzələr dinlənilib, şairin məşhur qəzəlləri səsləndirilib.

***

Filarmoniyanın “Gəncədən Bakıya” layihəsi çərçivəsində paytaxtdakı Şəhriyar adına Mədəniyyət Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət “Payız gəldi” adlı konsert proqramı keçirilib.

Xalq artisti Heydər Anatollu, filarmoniyanın solistləri Məhərrəm Qasımov, Zəminə Mustafayeva, Rüstəm Cəfərov, Xəyal Əliyev, Əli Məmmədov, Eminağa Sadıqov, Aynur İsgəndərli, Amil Həsənoğlu, Vasif Bayramov bəstəkarın “Gəncədən gəlirəm”, “Güllərim”, “Kəpənək”, “Sən olmuşam”, “Gözümdə Leylisən”, “Uzaq yaşıl ada”, “İl nə gözəldir”, “Payız gəldi”, “Çiçək yağışı”, “Şükriyyə”, “Təkcə ümid qalsın”, “Aman ayrılıq”, “Can Azərbaycan” mahnılarını ifa ediblər.

***

Gəncə filarmoniyasının təqdim etdiyi “Üzbəüz” layihəsi çərçivəsində bəstəkar, Əməkdar artist Vüqar Camalzadə ilə görüş təşkil edilib. Görüşdə Gəncənin mədəniyyət və incəsənət xadimləri, tələbə və gənclər iştirak ediblər. 

Vüqar Camalzadə tamaşaçıların suallarını cavablandırıb, yaradıcılıqla bağlı təcrübəsini bölüşüb.

***

Əməkdar artist Gülüstan Əliyevanın Gəncə filarmoniyasında “Təşəkkür” adlı solo konserti keçirilib.

Filarmoniyanın Kamera orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Rafael Bayramov) və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər Sahil Quliyev) müşayiəti ilə müğənni “Küsmə gəl” xalq mahnısı, Cavanşir Quliyevin “Bura vətəndir”, Polad Bülbüloğlunun “Bayatılar”, Oqtay Kazıminin “Toy olsun, bayram olsun”, Arif Babayevin “Ay mənim məhəbbətim”, Ələkbər Tağıyevin “Neylərəm”, Elza İbrahimovanın “Gəl barışaq”, “Sən yadıma düşəndə”, Emin Sabitoğlunun “Gəncədən gəlirəm” və Siyavuş  Kəriminin “Ömrümün istəyi” mahnılarını ifa edib.

Müğənninin Gəncədə ilk konserti böyük maraqla qarşılanıb.