Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Mərkəzdə “Musiqinin cəmiyyətdə rolu” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirdə ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə, kafedranın baş müəllimi Sara Timurova və kafedranın müəllimi Vəfa Abbasova, Estrada sənəti kafedrasının müdiri dosent Məryəm Babayeva bir-birindən maraqlı mövzular ətrafında çıxış ediblər.
Ənənəvi musiqi mədəniyyətinin ekologiyasından, müasir musiqi və cəmiyyətin kəsişmə nöqtələrindən, musiqi və cəmiyyət probleminin sinxronik və diaxronik aspektlərindən, Azərbaycan populyar musiqisinin tədrisi problemlərindən danışan ekspertlər, həmçinin mövzularla bağlı auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatoru olduğu seminarda ADMİU-nun tələbələri və tarzən İsmayıl Zülfüqarov “Şur” muğamı - “Tar boogie” kompozisiyasını təqdim ediblər.