Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə oktyabrın 28-29-da Şuşa şəhərində “Azərbaycanda sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Türkiyə, Rusiya, İsveçrə, Çexiya, Malayziya və Qazaxıstandan mütəxəssislərin qatıldığı tədbir sağlamlıq turizmi sektorunda qabaqcıl təcrübələrin araşdırılmasına və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

DTA sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə geniş potensiala malik Azərbaycanda bu sahə ilə bağlı son illər mühüm işlər görüldüyünü deyib. Qeyd edib ki, bu sahədə marketinq fəaliyyətinin təşkili, brendin yaradılması agentliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzurda da sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur: “Bu istiqamətdə Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Laçın da mineral-termal su resursları ilə zəngindir. Həmçinin Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər”.

Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov da konfransda çıxış ediblər. B.Hacıyev Kəlbəcərdə “İstisu” sanatoriyasının yenidən qurulması haqqında məlumat verib.

Konfrans işini “Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar”, “Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: gələcəyə baxış və strategiya” adlı panel sessiyaları ilə davam etdirib.

Tədbir çərçivəsində “Sağlamlıq turizmi sənaye sərgisi: unikal məhsullar” adlı sərgi açılıb.