Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Sağlam ailə, xoşbəxt gələcək” mövzusunda tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, psixoloqlar, hüquqşünaslar, səhiyyə, media nümayəndələri, eləcə də tələbə-gənclərin iştirak etdikləri tədbir ailələrin, xüsusilə uşaqların asudə vaxtlarının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədi daşıyıb.

Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova ölkəmizdə ailə siyasətinə dair qəbul edilən qərar və sərəncamlar haqqında məlumat verib.

Psixoloq Aygün Kərəmova ailə münasibətlərinin möhkəmlənməsinə təsir edən amillər, ailədə düzgün valideyn-övlad ünsiyyətinin qurulması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılaraq daha faydalı fəaliyyət növlərinə cəlb edilməsi məsələlərindən danışıb, əyani nümunələr əsasında uşaqlarla valideynlər arasında yaşana biləcək mübahisəli məqamlardan yayınmağın metodları haqqında tövsiyələr verib.

Klinik psixoloq Heyran İbrahimli isə asılılıq və narkomaniyanın psixoterapiyası üzrə "12 Addım" proqramından bəhs edərək ən çox disfunksional ailələrdə müşahidə olunan davranış pozuntuları, ünsiyyət problemləri haqqında danışıb.

Hüquqşünas, mediator Zaur Quliyev müasir ailələrdə yaşanan problemlər və onların məhkəmə yolu ilə həlli məsələləri haqqında məlumat verərək son dövrlərdə artan ailədaxili münaqişələr və onların ailə üzvlərinə, xüsusilə də uşaqlara təsirindən bəhs edib.

“Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə uşaqların ailədə daim diqqət mərkəzində olmasının əhəmiyyətini, valideyn, məktəb və ictimaiyyət tərəfindən göstərilən qayğı sayəsində bir sıra zərərli vərdişlərdən, səhv addımlardan qorunmağın mümkün olduğunu bildirib.

Tədbirdə “Sağlam ailə, xoşbəxt gələcək” adlı təqdimat materialları nümayiş etdirilib.