12 min il yaşı olan məkan rəssamların gözü ilə
Oktyabrın 31-də Azərbaycan Milli Xalça Muzeyində Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərginin açılışı oldu.
Mərasimdə mədəniyyət nazirinin müavinləri Səadət Yusifova, Murad Hüseynov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, millət vəkilləri, incəsənət xadimləri iştirak edirdi.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova diqqətə çatdırdı ki, Yunus Əmrə İnstitutu və Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə ərsəyə gələn sərgidə qardaş ölkədən 30 rəssamın bəşəriyyətin mühüm arxeoloji kəşflərindən olan Göbəklitəpəyə həsr etdikləri əsərlər yer alıb: “Sərginin mövzusu bəşəri dəyərə malikdir. Sərginin COP29 ərəfəsində açılması da böyük əhəmiyyət kəsb edir”.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıc bildirdi ki, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan 12 min il əvvələ aid Göbəklitəpə arxeoloji abidəsi bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri və Yer üzündəki ilk ibadət yeri, məbəd sayılır. Bir çox bəşəri suallara yeni cavablar təqdim edən bu füsunkar arxeoloji ərazi nəhəng daş strukturları ilə tanınır.
Səfir Cahit Bağcı çıxışında bu sərgi ilə Türkiyənin mədəni zənginliyini paylaşdıqlarına görə məmnunluğunu ifadə etdi: “Bu layihələr iki qardaş ölkə olaraq tariximizin, qədim mədəni sərvətlərimizin tanıdılması baxımından önəm kəsb edir”.
Sərginin kuratoru Siret Uyanık diqqətə çatdırdı ki, Göbəklitəpə arxeoloji sahəsi, Şanlıurfa şəhərinin mərkəzindən 18 kilometr şimal-şərqdə, Örencik kəndi yaxınlığında yerləşir. Ərazi 1963-cü ildə İstanbul və Çikaqo Universitetlərinin birgə aparılan tədqiqatları zamanı aşkar olunub. Qazıntılara 1995-ci ildə Almaniya Arxeologiya İnstitutunun professoru Klaus Şmitin rəhbərliyi ilə başlanılıb və 10 min ildən çox torpaq altında qalmış “gizli xəzinə” üzə çıxarılıb.
Yaşayış sahəsi kimi istifadə edilməyən bu yerdə çoxsaylı məbəd tikililərin qalıqları var. Bölgənin Neolit dövrünün inanc mərkəzi olduğunu deməyə əsas verən və bu günə qədər 6-sı aşkar edilən, lakin geomaqnit ölçmələri ilə ümumi sayının 20-yə çatdığı müəyyən edilən monumental tikililərin formaları biri-birinə oxşardır. Neolit dövründə hündürlüyü 6 metrə qədər olan “T” şəkilli sütunlara həkk olunan, daşlar üzərində təsvir olunmuş qədim və bəziləri üçölçülü olan heyvan təsvirləri əcdadlarımızın bədii istedadını üzə çıxarır.
Göbəklitəpə bir çox yeni məlumat ortaya çıxarsa da, tapıntılarla bağlı hələ də cavabı məlum olmayan suallar elm adamlarını narahat edir. Bu məbədləri kimin tikdiyi, çəkisi 60 tona qədər olan sütunların buraya necə daşınaraq ucaldıldığı, niyə tonlarla torpaq və daşla örtülərək basdırıldığı, məbədlərin məqsədinin tam olaraq nə olduğu, cavabını gözləyən və yəqin ki, illərlə araşdırma tələb edəcək sirlərdir.
Noyabrın 6-dək davam edəcək sərgi layihəsinin məsləhət şurasının üzvləri professorlar Aydın Ayan, Alaybəy Karoğlu və Teymur Rzayevdir.
Lalə Azəri