“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin bütün strukturları Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində 1 noyabr tarixindən gücləndirilmiş iş rejiminə keçib.

ADY-dən verilən məlumata görə, stansiya və vağzallarda xidmət göstərən əməkdaşların sayı artırılaraq əlavə işçi qüvvəsi cəlb edilib. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan 300-dən çox əməkdaş COP29 zamanı yüksək keyfiyyətli xidmət göstərmək üçün müştəri xidmətlərinə dair və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak edib.

Sərnişinlər üçün COP29 tədbiri haqqında məlumatlılığın artırılması, həmçinin səyahət təcrübəsinin təkmilləşdirilməsi məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət-naviqasiya sistemləri, o cümlədən işarələr, monitorlar və s. quraşdırılıb.

Bakı Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında mövcud turniket zallarının sahəsi genişləndirilərək keçid turniketlərinin sayı artırılıb, yeni monitorlar quraşdırılıb. Bakı Dəmiryol Vağzalında turniket sayı 28-dən 36-ya çatdırılıb. Hazırda bu vağzaldan gün ərzində 30 minədək sərnişin istifadə edir.  “Koroğlu” dayanacağında isə turniketlərin sayı 4-dən 10-a çatdırılıb. 2019-cu ildə istifadəyə verilmiş Koroğlu dayanacağından gün ərzində 5000 nəfərə yaxın sərnişin istifadə edir.

Bakı və Sumqayıt vağzallarında görmə məhdudiyyətli sərnişinlərin hərəkətini asanlaşdırmaq üçün taktil döşəmələr yenilənib. Fiziki məhdudiyyətli sərnişinlərin rahat hərəkətini təmin etmək üçün  Bakı Dəmiryol Vağzalındakı liftə texniki baxış keçirilib. Bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb.

Bakı və Sumqayıt vağzallarında, eləcə də “Koroğlu2 və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib. Bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir.

COP29 tədbirlərinə hazırlıqlar çərçivəsində yükdaşıma xidməti də gücləndirilmiş iş rejiminə keçib. Yükdaşımalara aid sahə, stansiya, dispetçer məntəqələri, lokomotivlərin və vaqonların istismarı depolarında müntəzəm monitorinqlər aparılır. Yük qatarlarının hərəkətinin qrafikə uyğun tənzimlənməsinə daimi nəzarət aparılır. Yükdaşımaların təhlükəsiz, vaxtında və səmərəli təşkili, yük qatarlarının reqlamentlərə uyğun istismarı üçün sahəvi əməkdaşlara əlavə təlimlər və texniki məşğələlər keçirilir.

COP29 tədbirinə hazırlıqların davamı kimi dəmir yollarının ətrafı və yaxın ərazilər tullantılardan təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.

Yaşıllaşdırma işləri çərçivəsində dəmir yolları ətrafında yeni ağac zolaqları salınıb.

Sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi ilə paralel olaraq dəmiryol muzeyində də COP29 iqlim sammitinə hazırlıq üçün tədbirlər görülüb. Muzeyə 3 dildə danışan bələdçilər cəlb edilib. Xarici qonaqlar üçün məlumat əlçatanlığını təmin etmək üçün 60-a yaxın eskponat haqqında məlumatların QR kod vasitəsilə əldə edilməsi təmin edilib. Muzeyin daxili konstruksiyası yenilənib, “zaman qatarı” guşəsi hazırlanıb, həmçinin yenilənmiş kino zalda bir neçə dildə dəmir yolları haqqında sənədli filmlərin nümayişinə başlanıb. “Ammendorf” model qatarından hazırlanmış “zaman qatarı“ eksponatı muzey ziyarətçilərinə fərqli səhnələr və mənzərələr boyunca virtual səfər etmək fürsəti təqdim edir.