Birinci vitse-prezident Mehriban Əliyeva teatrda olub

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Azərbaycan Dövlət Pantomima Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.

Mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verib.

Bildirilib ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomima Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən Azərbaycan Dövlət Pantomima Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşir.

Pantomima teatrı böyük tamaşaçı rəğbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Pantomima Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.

Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verilib.