Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tanınmış ictimai xadim, akademik Ziya Musa oğlu Bünyadovun biblioqrafik göstəricisi çapdan çıxıb.

MEK-dən bildirilib ki, göstərici Azərbaycan Respublikası Prezidentinin Sərəncamını əsas tutaraq AMEA Rəyasət Heyətinin qərarı ilə görkəmli tarixçi və şərqşünas alim, akademik Ziya Bünyadovun 100 illik yubileyi münasibətilə tərtib edilib. Nəşrə alimin həyatı, elmi və ictimai fəaliyyətinin əsas tarixləri, son dövrlərdə yenidən nəşr olunmuş kitabları, onun haqqında çap olunmuş məqalələr, o cümlədən akademik Gövhər Baxşəliyevanın alim haqqında yenidən işlənmiş oçerki də daxil edilib.

Biblioqrafik göstəricinin elmi redaktoru akademik Gövhər Baxşəliyeva, MEK-in direktoru dosent Hüseyn Hüseynov, redaktoru dosent Şəhla Quliyeva, tərtibçiləri Nərgiz Novruzova və Zemfira Qurbanovadır.

Qeyd edək ki, bu göstərici alim haqqında tərtib edilən sayca beşinci biblioqrafik göstəricidir. İlk iki biblioqrafiya alimin sağlığında “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında MEK tərəfindən tərtib olunub.