Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında şəhid Miqdad Abduləlimovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
ADPU-dan bildirilib ki, tədbirdə filialın direktoru dosent Yusif Alıyev 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs edib. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun dövlətçilik tariximizə qızıl hərflərlə həkk etdiyi bu Qələbənin hüquqi, siyasi və mənəvi istiqamətlərindən danışıb. Şəhid və qazilərimizin qəhrəmanlığının xalqımız üçün qürur mənbəyi olduğunu deyən direktor qeyd edib ki, igidlərimizin yazdığı Zəfər salnaməsi bütün türk xalqlarının, Azərbaycanı sevən hər kəsin, bizə dost və qardaş olan bütün ölkələrin iftixarıdır.
Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova qeyd edib ki, Miqdad Abduləlimov 2002-ci il martın 23-də Quba rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Miqdad Vətən müharibəsi zamanı şücaətlə vuruşub, 2020-ci il oktyabrın 29-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Sonra filialın əməkdaşları şəhid Nuran Mirzəyevin məzarını ziyarət ediblər. Onlar həmçinin şəhidin anası Təranə xanıma və atası Akif Mirzəyevə ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Vətən müharibəsindən sonra ADPU-nun Quba filialında bir auditoriyaya şəhid Nuran Mirzəyevin adı verilib.