Bakının Yasamal rayonu 176 nömrəli tam orta məktəbin VI sinif şagirdləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.
Kitabxanadan bildirilib ki, məktəblilərə bilik məbədi haqqında geniş məlumat verilib. Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbirin məktəblilərin mütaliəyə olan həvəsinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, onları kitabxanaya cəlb etmək məqsədilə təşkil edildiyini bildirib.
Məktəblilər üçün kitabxanaya səyahət Oxuculara xidmət və kitabxana fondunun mühafizəsi şöbəsi ilə başlayıb. Əməkdaşlar məktəblilərə kitabxananın fəaliyyəti, ondan istifadə qaydaları, elektron xidmətləri, rəsmi saytı haqqında geniş məlumat verib, müasir dövrdə elektron və audiokitablarla yanaşı, ənənəvi mütaliənin də mühüm əhəmiyyət daşıdığını söyləyiblər. Balaca məktəblilərə onların marağına səbəb olacaq ədəbiyyat nümunələri tövsiyə edilib.
Məktəblilər kitabxananın Musiqi bölməsində saxlanılan nadir qrammofon valları, not nəşrləri ilə tanış olublar. Həmçinin Nadir nüsxələr fondunda saxlanılan ədəbiyyat nümunələri və Brayl əlifbası ilə nəşr edilən “Qurani-Kərim” haqqında məlumat alıblar. Şagirdlər “Qədim diyar Naxçıvan - 100”, “Tarixi qələbə, Zəfər günü” və “Vətən şəhidləri” adlı sərgilərlə də tanış olublar.
Sonda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olunub.