Noyabrın 2-də TÜYAP kompleksində işə başlayan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla davam edir.

Azərbaycanın "fəxri qonaq ölkə" olduğu sərgi çərçivəsində ədəbiyyat, mədəniyyət və mətbəximizlə bağlı təqdimatlar təşkil olunur. Noyabrın 4-də sərgi məkanında bu il 100 illiyi qeyd olunan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, şair, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov; 1924-1990) şeirlərindən ibarət kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimi TÜRKSOY, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirin moderatoru Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı nəşrin ərsəyə gəlməsindən danışıb. Qeyd edib ki, "Aşıq Mikayıl Azaflı. Seçilmiş şeirlər" adlı kitab görkəmli saz-söz ustadının 100 illiyinə həsr olunub.

***

Həmin gün bu il Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və Türk dilinə tərcümə olunmuş "Azərbaycan xalq nağılları" kitabının təqdimatı keçirilib.

Bildirilib ki, kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllar üzrə çəkilmiş rəsmlərin müəllifi tanınmış uşaq rəssamı Nüşabə Kiçikdir.

Kitabda “Tıq-tıq xanım", “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm nağılı”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” - ümumilikdə 12 nağıl yer alıb.

Tədbirdə İstanbulda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan orta məktəbin bir qrup şagirdi də iştirak edib, uşaq yazıçılarına suallar ünvanlayıb, şeirlər səsləndiriblər.