Noyabrın 4-də AMEA-nın Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik - COP-29-un çağırışları və humanitar elmin vəzifələri” mövzusunda elmi konfrans keçirilib.

Konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı akademiyanın Biologiya və Tibb Elmləri Bölməsi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi və Yer Elmləri Bölməsinin təşkilatçılığı ilə çoxsaylı tədbirlər keçirildiyini, kitablar nəşr edildiyini, məqalələr çap edildiyini bildirib.

“Bu gün isə Humanitar və İctimai Elmlər bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş elmi konfransı keçirməklə akademiyada bu istiqamətdə tədbirlərə yekun vurulur. COP29-dan sonra isə beynəlxalq tədbirin çağırışları və akademik elmi vəzifələri mövzusunda geniş ümumiləşdirici tədbir keçirməyi planlaşdırırıq. Bu konfrans beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır və Prezident İlham Əliyevin böyük nüfuzunu göstərir. COP29 yüksək səviyyədə keçiriləcək və Azərbaycana daha böyük nüfuz gətirəcək. COP29 vasitəsilə elmə dair çağırışları birləşdirəcəyik. Bu, bizim gələcək istiqamətlərimizin prioritetləri sırasında olacaq”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

COP29 çərçivəsində elmi məsələlərə dair də geniş müzakirələrin aparılacağını bildirən akademik İsa Həbibbəyli AMEA-nın konfransda yüksək səviyyədə təmsil olunacağını, eləcə də ölkəmizə gələn xarici alimlərlə, elmi təşkilatlarla akademiyada bir sıra görüşlər keçiriləcəyini diqqətə çatdırıb. COP29-un, eyni zamanda, elmimizin gələcək inkişafına istiqamət verəcəyini vurğulayan AMEA rəhbəri bugünkü elmi konfransın humanitar və ictimai elmlərin COP29-a tətbiq imkanlarını, görülən və görünməyən tərəflərini aşkarlamağa imkan verəcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Elmi bölmələrində, elmi müəssisə və təşkilatlarında, eləcə də Naxçıvan və Gəncə bölmələrində, Şəki və Lənkəran Regional Elmi mərkəzlərində “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.

Daha sonra konfransda “Heydər Əliyevin ekologiya təlimi fikirləri və Azərbaycan uşaq ədəbiyyatında təbiətə münasibət”, “Heydər Əliyevin təbiətə qayğısı və klassiklərin əsərlərində təbiət mövzusu”, “Ulu Öndər Heydər Əliyevin ekoloji siyasəti”, “Prezident İlham Əliyev Türk dünyasından Avropaya yaşıl enerji ixracı ideyasının baş müəllifidir”, “Arxeoloji mədəniyyətlərin dinamikasının iqlim dəyişikliyi ilə bağlılığı” mövzusunda məruzələr dinlənilib.

Konfrans iştirakçıları, həmçinin “Məhəmməd Füzuli qəzəllərində təbiət və məhəbbət fəlsəfəsi”, “Təsəvvüf ədəbiyyatında insan və ekosistem”, “İqlim dəyişməsində neoimperializmin rolu və yaşıl enerji siyasəti”, “Bədii təsvir sistemində peyzaj”, “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” “Şəhər ekosisteminin təşkilində landşaft-rekreasiya mühitinin rolu” mövzusunda məruzələr təqdim ediblər.

AMEA-nın müşaviri akademik Adil Qəribov isə çıxışında qeyd edib ki, elmi-texniki tərəqqi nəticəsində bəşəriyyətin enerjiyə olan tələbatı artıb və əlavə enerji mənbələrinin axtarışı, onlardan hədsiz dərəcədə istifadə qlobal istiləşməyə, iqlim dəyişikliyinə səbəb olub, atmosferdə karbon emissiyasının həcmi artıb. Azərbaycanın belə bir şəraitdə COP29 kimi nüfuzlu bir tədbirə ev sahibliyi etməsinin rəmzi məna daşıdığını söyləyən akademik Adil Qəribov ölkəmizdə Prezident İlham Əliyevin liderliyində ekologiyaya yüksək həssaslıqla yanaşıldığını, yaşıl dünyamızın qorunduğunu vurğulayıb.

Sonda çıxış edən akademik İsa Həbibbəyli elmi konfransda dinlənilən məruzələri yüksək qiymətləndirib, çıxışçıların yeni yanaşmalar ortaya qoyduğunu söyləyib. Qeyd edib ki, dəqiq və təbiət elmlərindən fərqli olaraq, humanitar və ictimai elmlər iqlim dəyişiklikləri probleminin cəmiyyətə çatdırılmasında, insanların maarifləndirilməsində və təbliğində mühüm rola malikdir və bu istiqamətdə işlər davam etdiriləcək.