Azərbaycan Aşıqlar Birliyində (AAB) ərsəyə gətirilmiş daha bir kitab elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib.
Elmi məsləhətçisi AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan və üç cilddə nəşri nəzərdə tutulan “Aşıq dastanları”nın 2-ci cildi çapdan çıxıb.
Kitabın tərtibçilərindən AAB-nin katibi Əməkdar mədəniyyət işçisi, Musa Nəbioğlu bildirib ki, bu cildə on bir dastan daxildir: “Yetim Aydın”, “Əsli və Kərəm”, “Qul Mahmud və Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan”, “Aşıq Hüseyn və Reyhan xanım”.
Dastanlar M.Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında AzTV və AAB-nin birgə layihəsi kimi efirə gedən “Saz-söz məclisi” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq bu nəşrə daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastan ifaçılığına yeni nəfəs gətirməkdir.
Nəşrin özəlliyi bir də ondadır ki, buradakı dastanların hamısı canlı ifadan yazıya alınıb, sovet dövründə gedən ixtisar və müdaxilələrə yol verilməyib, sufi-dərviş simvolikası, eləcə də dini-ürfani obraz və deyimlərə toxunulmayıb, xalq koloriti və aşıq leksikonunun əsas səciyyəsi qorunub, dastanların strukturu olduğu kimi saxlanılıb.
Musiqişünas və folklor araşdırıcıları üçün xüsusilə dəyərli töhfə olan kitabı hazırlayanlar Əməkdar elm xadimi Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru Aynur Xəlilovadır.