Sumqayıt Gənclər Kitabxanası şəhər 1 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” ilə əlaqədar olaraq “Qlobal problemlər – qlobal istiləşmə” adlı diskussiya keçirib. Qeyd olunub ki, iqlim dəyişiklikləri bütün dünyanı narahat edən problemdir. Bu günlərdə Bakıda işə başlayacaq COP29 iqlim sammiti də bu istiqamətdə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

***

Bərdə rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı birgə mübarizə aparaq” adlı tədbir təşkil edilib. Mövzu üzrə videoçarx nümayiş etdirilib. Çıxışlarda korrupsiyanın cəmiyyətin hər sahəsində inkişafı zəiflətdiyi, idarəçiliyin səmərəliliyinə zərbə vurduğu, digər mənfi təzahürlərə yol açdığı vurğulanıb, bununla bağlı mübarizə tədbirlərinin görüldüyü, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədilə islahatlar aparıldığı diqqətə çatdırılıb.

***

Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq musiqi məktəbində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Çıxışlarda uşaq hüquqları və ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində atılan addımlardan danışılıb. Məktəbin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib.

***

Salyan rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti və digər qurumların birgə təşkilatçılığı ilə “Azərbaycanda ekoloji siyasətin formalaşmasında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib. Ulu öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyətin həmişə xüsusi diqqət mərkəzində saxlanıldığı, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

***

Lənkəran Mərkəzi Kitabxanası və AYB Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə yazıçı-publisist Hafiz Mirzənin yenicə nəşr olunmuş “Sonuncu güllə” kitabının təqdimatı keçirilib. Çıxış edənlər yazıçının yaradıcılığından, Vətən müharibəsində əsgərlərimizin qəhrəmanlığından bəhs edən bu kitabın məziyyətlərindən söz açıblar.

Şagirdlər vətənpərvərlik mövzusunda olan şeirlər söyləyiblər, eləcə də bu mövzuda musiqi nömrələri səslənib.

***

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrinin əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıllıq həyatdır” devizi altında ağacəkmə aksiyasında iştirak ediblər. Mərkəzin ərazisində təmizlik işləri aparılıb və gül kolları əkilib.

Masallı rayon Mərkəzi Kitabxanası isə Heydər Əliyev Mərkəzində “Uşaqları zərərli informasiyalardan necə qoruyaq?” adlı tədbir keçirib. Qeyd olunub ki, informasiya bolluğunun yaşandığı müasir zamanda uşaqların sosial şəbəkələrdə zərərli informasiyadan qorunması millətin sağlam gələcəyi baxımından zəruridir.

***

Qobustan rayon Mədəniyyət Mərkəzində azyaşlılar üçün “Qoğal” kukla tamaşası nümayiş olunub. Azyaşlılar tərəfindən böyük maraqla qarşılanan tamaşanın quruluşçu rejissoru Gülər Məlik, quruluşçu rəssamı isə Xanım Azərqızıdır.

N.Məmmədli