Bakıda dünya dini liderlərinin sammiti
Noyabrın 5-də Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammiti işə başlayıb.
Sammit Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən təşkil olunub.
Sammitin açılış mərasimində Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.
“Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır. İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir. COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm”, – deyə müraciətdə bildirilir.
Diqqətə çatdırılır ki, Azərbaycan yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilib, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olub: “Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz”.
Açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreşin sammit iştirakçılarına videomüraciəti də təqdim olunub.
Qeyd edək ki, ikigünlük sammitdə 30-a yaxın din liderləri, dini mərkəzlərin başçıları, müxtəlif konfessiyaları, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri nümayəndələri iştirak edirlər.
Dünya dini liderlərinin I və II Dünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin – iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyır.