Latviya paytaxtındakı “Riqa Art Nouveau” muzeyində Azərbaycanın bu ölkədəki səfirliyi, “Azərxalça” ASC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərgi açılıb.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov çıxış edərək sərgini ölkəmizin mədəniyyəti ilə daha da yaxından tanışlıq nöqteyi-nəzərindən əlamətdar hadisə kimi dəyərləndirib. Bildirib ki, sərgi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalçaçılıq sənəti və nar bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib və hər iki irs nümunəsi sərgidə əksini tapıb.
Direktor Aqrita Tipane “Riqa Art Nouveau” muzeyində Azərbaycan mədəniyyətinə dair ikinci sərginin keçirildiyini, nümayiş etdirilən xalçaların bənzərsiz xüsusiyyətlərə malik olduğunu, Azərbaycan xalçaçılıq sənətinin və nar bayramının Latviyada böyük maraq doğurduğunu söyləyib. O, bu yaxınlarda səfirlik tərəfindən Latviya ictimaiyyətinə təqdim edilmiş “UNESCO-da Azərbaycanın əbədi sərvətləri” kitabından da söz açaraq ölkəmizin zəngin mədəni irsə sahib olduğunu vurğulayıb.
Tədbir iştirakçılarına “Bağçada meyvələr” kolleksiyası, “Azərxalça”nın fəaliyyəti və nar bayramı haqqında videoçarxlar təqdim olunub.
Qeyd edək ki, 3D texnologiyası ilə toxunmuş narlı xalçalar “Azərxalça”nın gənc rəssam Samirə Allahverdiyeva ilə birgə əməkdaşlıq layihəsi olan “Bağçada meyvələr” kolleksiyasından ilhamlanaraq yaradılıb. Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə nar mövzusuna dair fotosərgi təşkil edilib.
Tədbirin sonunda milli mətbəximizin təamları, o cümlədən UNESCO siyahısına daxil edilmiş dolma, habelə çay süfrəsi, nar məhsulları iştirakçılara təqdim olunub.
Sərgi bir ay ərzində ictimaiyyət üçün açıq olacaq.