Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Zəfərimiz, qürurumuz, mənəviyyatımız” adlı elmi konfrans keçirilib.
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konfransda Rəssamlıq Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Akademiyanın rektoru Xalq rəssamı, professor Natiq Əliyev bayram münasibətilə təbriklərini çatdıraraq, qazanılan böyük qələbəni Azərbaycanın tarixinin ən şanlı və qürurverici səhifəsi adlandırıb.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev “Zəfərimiz təsviri sənətimizdə” adlı məruzə ilə çıxış edib. O, akademiya tələbələrinin bu mövzuda hazırladıqları əsərlər haqqında fikirlərini bölüşüb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov “Milli yaddaşımızın qürur günü” adlı məruzəsində tarixi Qələbəmizin milli kimliyimiz və mədəniyyətimiz üzərindəki təsirini önə çəkib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov “Müasir dövr Azərbaycan rəngkarlığında Zəfər mövzusu” adlı məruzəsində rəssamların bu mövzuda işlədiyi əsərlərin əhəmiyyətini vurğulayıb.
Sonra Rəssamlıq Akademiyasının II Qarabağ müharibəsinin iştirakçısı olmuş tələbə-məzunları haqqında videoçarx nümayiş etdirilib.