Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində "Zəfərimiz, qürurumuz, mənəviyyatımız" adlı elmi konfrans keçirilib.

8 Noyabr – Zəfər Gününə həsr olunmuş konfransda Rəssamlıq Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Açılış nitqi söyləyən təhsil ocağının rektoru Xalq rəssamı, professor Natiq Əliyev Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə 8 noyabrın ölkəmizdə "Zəfər Günü" kimi təntənəli şəkildə qeyd edilməsi qərarını konfrans iştirakçılarına bir daha xatırladıb. O, Zəfər bayramı münasibətilə təbriklərini çatdıraraq, qazanılan böyük qələbəni Azərbaycanın son ikiəsrlik tarixinin ən şanlı və qürurverici səhifəsi adlandırıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və İncəsənət tarixi kafedrasının professoru Ziyadxan Əliyev “Zəfərimiz təsviri sənətimizdə” adlı məruzə ilə çıxış edib. O, akademiya tələbələrinin bu mövzuda hazırladıqları əsərlər haqqını fikirlərini bölüşüb.

Tarix üzrə fəlsəfə doktoru, Humanitar və ictimai fənlər kafedrasının dosenti Bəhman Kərimov “Milli yaddaşımızın qürur günü” adlı məruzəsində tarixi Qələbəmizin milli kimliyimiz və mədəniyyətimiz üzərindəki təsirini önə çəkib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov “Müasir dövr Azərbaycan rəngkarlığında Zəfər mövzusu” adlı məruzəsində rəssamların bu mövzuda işlədiyi əsərlərin əhəmiyyətini vurğulayıb.

Sonra Rəssamlıq Akademiyasının II Qarabağ müharibəsinin iştirakçısı olmuş tələbələri haqqında videoçarx nümayiş etdirilib.