Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında (Qafqaz problemi ilə əlaqədar)” kitabı çapdan çıxıb.

Bakıda “Salman Mümtaz yayınları”nın nəşr etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif Sultanlı və Əliheydər Yunisoğlu çeviriblər.

M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus dilində çap olunan “Panturanizm haqqında (Qafqaz problemi ilə əlaqədar)” kitabı böyük mütəfəkkirin siyasi-kulturoloji görüşlərinin öyrənilməsi baxımdan son dərəcə önəmli qaynaqlardan biridir. Əsərin yarandığı dönəm istər Azərbaycan və Türkiyə, istərsə də digər türk xalqları tarixinin ən mürəkkəb, keşməkeşli dönəmi olduğundan problemə yanaşmada zamanın təsiri aşkar şəkildə duyulmaqdadır.

Türkçülük və turançılıq anlayışlarının siyasi yöndə deyil, kulturoloji aspektdə dərk olunması zərurətinə söykənən “Panturanizm haqqında (Qafqaz problemi ilə əlaqədar)” əsərinin rus dilində, həm də Paris şəhərində yayınlanması Rusiya mühacirətinin Fransada toplu halında məskunlaşması ilə bağlıdır.

Kitabın “Romantik düşüncədən gerçək birliyə” adlı ön sözündə professor Vaqif Sultanlı yazır: “Rəsulzadə əsərdə turançılıq ideyalarının Azərbaycanda, ümumən Qafqazda yayılmasının təbii səbəblərini önə çəkərək milli istiqlal məfkurəsinin onun kölgəsində gizlədilməsinə çalışan gizli və aşkar düşmənlərə qarşı özünün sərt mövqeyini sərgiləmişdir. O, turançılıq ideyası altında ayrı-ayrı türk dövlətlərinin vahid imperiyanın çətiri altına girməsini deyil, öz bağımsızlıqlarını əldə etməsi, eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji birliyi nəzərdə tutulduğunu vurğulayır”.