Bakıda Meksika Birləşmiş Ştatlarının rəsmi bayramı olan Ölülər Gününə (1-2 noyabr) həsr olunmuş tədbir keçirildi.

Meksika səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə xanım səfir Mariya Viktoriya Romero çıxış edərək bayram haqqında məlumat verdi: “Bu bayram bizim adət-ənənəmizi, qədim tariximizi dünyaya tanıdır. Ölülər Günü ispanların ölkəmizə gəlişinə qədərki vaxtlara aiddir. Biz bu gün dünyadan köçən əzizlərimizi müəyyən elementlərlə yad edirik”.

Səfir Azərbaycanla Meksika arasında mədəniyyət sahəsində bir çox oxşar tərəflərin olduğunu dedi: “Hər iki ölkənin minilliklərlə ölçülən tarixi var. Hər hansı tarixi hadisələrə baxmayaraq, xalqlarımız öz milli kimliyini qoruyub saxlaya bilib”.

Diplomat tədbirin Meksika adət-ənənələrinin tanıdılması və ölkələr arasındakı mədəni əlaqələrin inkişafı yolunda mühüm bir addım kimi dəyərləndirib. Deyib ki, Ölülər Günü 2008-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Səfir diqqətə çatdırdı ki, bu gün məşhur meksikalı rəssamlar Frida Kahlo və Dieqo Rivieraya həsr edilmiş qurbangah hazırlanıb. Bayramı əks etdirən guşədə sempasuçitl (nahuatl dilində “iyirmi çiçək” və ya “dörd yüz ləçək” deməkdir) gülləri ilə bəzədilmiş qurbangahda mərhum rəssamların şəkilləri, şəxsi əşyaları, vaxtilə sevdikləri yeməklər, kəllə formasında hazırlanmış şəkər məmulatı, “Pan de muerto” (hər il Ölülər Günündə əcdadları yad etmək məqsədilə Meksikada bişirilən “ölülər çörəyi”) və xüsusi kəsilmiş kağızlar yer alırdı. Hazırda bu adət-ənənə günümüzə uyğunlaşdırılaraq bir sıra dini elementləri də özündə birləşdirir.

Tədbirdə qonaqlara həmin çörək və Meksika kakaosu təqdim edildi. Qurbangahın qarşısında təqdim olunan xalça haqqında da məlumat verilərək bildirildi ki, meksikalı sənətkarın istifadəyə yararsız və ovulmuş taxta parçalarından hazırladığı bu xalça Bakıda keçiriləcək COP29-a həsr edilib. Xalçanın orijinal və daha böyük ölçüdə olan variantı Azərbaycan Milli Xalça Muzeyində COP29-a həsr olunan sərgidə nümayiş etdiriləcək.  

Səfirin sözlərinə görə, Meksika xarici işlər nazirinin müavini və digər rəsmilərdən ibarət nümayəndə heyəti COP29-da iştirak edəcək.

Diplomat yaxın gələcəkdə ölkəsindən tanınmış bəstəkarın Azərbaycana gəlməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırdı.

Lalə Azəri