Bölgələrdə 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir. Tədbirlərdə müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin xalqımızın əbədi qürur qaynağına çevrildiyi qeyd olunub.

***

Şabran rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın Zəfər tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində Ordumuzun düşmən üzərində parlaq Qələbə qazanması, torpaqlarımızın işğaldan azad olunması, soydaşlarımızın otuzillik Vətən həsrətinə son qoyularaq doğma yurdlarına qayıdışı, Qarabağ bölgəsində gedən quruculuq işləri barədə geniş məlumat verilib.

Sonra şagirdlərin rəsmlərindən ibarət sərgiyə baxış olub.

***

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı şəhid övladlarına həsr edilmiş konsert proqramı keçirilib.

Məktəbin müəllimlərindən ibarət ansamblın ifasında rəngarəng musiqi nömrələri səslənib. Şəhid övladlarına və valideynlərinə məktəbin rəhbərliyi tərəfindən qəhrəmanların fotoşəkili əks olunmuş portretlər hədiyyə edilib.

***

Sumqayıt şəhər Gənclər Kitabxanasında şəhər 5 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı ədəbi-bədii gecə keçirilib. Çıxışlarda Zəfərlə başa çatan 44 günlük müharibənin xronologiyasından danışılıb. Şagirdlər vətənsevərlik ruhlu şeirlər səsləndiriblər.

***

Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) “Qarabağ Azərbaycandır!” adlı tədbir təşkil edilib. Çıxışlarda Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı qazandığı şanlı Qələbədən danışılıb. Zəfər Gününə həsr edilmiş film nümayiş etdirilib.

Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evində kənd Uşaq musiqi məktəbi, kitabxana, Rzalar kənd klubu və kitabxanasının birgə təşkilatçılığı ilə “Zəfər tariximizin qəhrəmanları” adlı tədbir keçirilib. Şagirdlərin ifalarında vətənpərvərlik mövzusunda şeirlər söylənilib. Şagirdlərin Zəfər Gününə həsr etdikləri rəsmlər nümayiş etdirilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “30 ilin 44 günü” adlı şeir müsabiqəsinə yekun vurulub. V-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin məqsədi gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və yaradıcı təfəkkürü ilə fərqlənən istedadlı şagirdləri üzə çıxarmaqdır. Müsabiqənin qaliblərinə fəxri fərmanlar təqdim olunub.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan Folklor evində “Zəfərin izi ilə” adlı tədbir keçirilib. Əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib. “Bayraq” və “Xarıbülbül” rəqs qruplarının, solistlərin və Şirvan şəhər Uşaq musiqi məktəbindəki ritm qrupunun ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Vətən müharibəsi iştirakçısı Rəsul İsmayılovun əl işlərindən ibarət sərgi də açılıb.

***

Salyan Tarix-Diyarşünaslıq Muzeyində “Zəfərimiz tariximizdir” adlı sərgi açılıb.

Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi noyabr ayının sonunadək ziyarətçilər üçün açıq olacaq.

***

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində Zəfər Günü (8 noyabr) və Dövlət Bayrağı Günü (9 noyabr) qeyd olunub. Çıxışlardan sonra məktəbin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik ruhlu musiqi nömrələrindən ibarət konsert olub.

Tovuz regional “ASAN Xidmət” Mərkəzində rayon Mərkəzi Kitabxanası ilə birgə “Şanlı Zəfərin 44 günü” başlığında səyyar kitab sərgisi təşkil edilib. Sərgidə 44 günlük Vətən müharibəsini, Zəfər tarixini özündə əks etdirən, eyni zamanda II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş kitablar nümayiş olunub. Sərgi zamanı “ASAN Xidmət” əməkdaşlarına səyyar kitabxana xidməti də göstərilib.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan klub müəssisələrinin əməkdaşları arasında keçirilən “Zəfərin səsi” adlı bilik yarışına yekun vurulub. “Zəfər” komandası I, “Qələbə” komandası II, “Odlar yurdu” komandası III yeri tutub. Qaliblər diplom və medallarla təltif olunub.

***

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində Zəfər Günü münasibətilə tədbir keçirilib. Qazax şəhər 1 nömrəli və Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəblərinin birgə hazırladıqları konsert proqramı təqdim edilib.

Qazax rayon Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyində “Zəfərimiz sizinlə” adlı dəyirmi masa keçirilib. Müharibə iştirakçıları keçdikləri döyüş yolundan söhbət açıb, muzey əməkdaşları şanlı Qələbəmiz haqqında fikirlərini bildiriblər. Muzeyin əməkdaşı Arzu Həsənova şanlı Zəfərə həsr etdiyi şeirini söyləyib.

***

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında şanlı Zəfərimizin ildönümü münasibətilə keçirilən tədbirdə Vətən müharibəsinin tariximizdəki yerindən bəhs olunub. Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının tələbələri və kitabxananın fəal oxucuları Zəfərə, şəhidlərə və bayrağa həsr olunmuş şeirləri qiraət ediblər. Sonda “Xalqımızın Zəfər tarixi” adlı kitab sərgisi nümayiş olunub.

***

Masallı rayon Heydər Əliyev Mərkəzi, rayon Tarix-Diyarşünaslıq Muzeyi, MKS və digər qurumların təşkilatçılığı və dəstəyi ilə Zəfər Gününə həsr olunan tədbir keçirilib. Masallı Dövlət Regional Kollecinin tələbələri, “Dəfinə” liseyinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya və Masallı şəhər Onbirillik incəsənət məktəbinin müəllim və şagird kollektivlərinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Masallı Dövlət Rəsm Qalereyası və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin (SXM) birgə təşkilatçılığı ilə “Bütöv Azərbaycanımız” devizi altında rəsm müsabiqəsi keçirilib. 9-12 və 13-18 yaş qrupu üzrə şagirdlər arasında təşkil edilən müsabiqədə Ruslan Qasımov və Yağmur Əliyeva I, Məryəm Nəzərova və Balabacı Dadaşova II, Nurgün Cəfərli və Firayət Kərimli isə III yerlərə layiq görülüblər. Qaliblər “Masallı Gənclər Evi”nin diplomları ilə təltif ediliblər.

***

Hacıqabul rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə şəhər Folklor klubunda keçirilən bayram tədbirində mədəniyyət işçilərinin rəngarəng çıxışları maraqla qarşılanıb.

***

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Keçmişimizin qisası, gələcəyimizin qüruru” adlı tədbir keçirilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsində dövlət-ordu-xalq birliyinin önəmi barədə fikirlər səsləndirilib. Sonra “Vətən müharibəsi – anbaan” filmi nümayiş olunub.

Hazırladı: N.Məmmədli