Stokholm şəhərində tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izi ilə” sənədli filmi nümayiş olunub.
Film UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının layihəsi çərçivəsində ölkəmizin İsveçdəki səfirliyinin təşəbbüsü və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Naxçıvanda lentə alınıb.
Sənədli film əfsanəyə görə, gəmisi Gəmiqaya dağına gəlmiş Nuh peyğəmbərə gedib çıxan Naxçıvanın qədim tarixindən bəhs edir. Filmdə Naxçıvanın dünya əhəmiyyətli qədim memarlıq abidələrindən, UNESCO siyahısına salınmış Naxçıvan yallılarından, Naxçıvanın görkəmli şəxsiyyətlərindən söz açılır.
Tədbirdə çıxış edən Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov diqqətə çatdırıb ki, bu il Azərbaycanın Naxçıvan Muxtar Respublikasının 100 illiyidir. Azərbaycan mədəniyyətinin pərəstişkarı olan Mikael Silkeberq Naxçıvanın zəngin mədəniyyətini və tarixini şəxsən araşdırmaq və heyrətamiz sənədli film çəkmək üçün bu diyara səfər edib.
Diplomat qeyd edib ki, bu, Mikael Silkeberqin Azərbaycana həsr olunmuş üçüncü filmidir, digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odin şifrəsi” noyabrın 7-də Parisdə nümayiş etdiriləcək.
Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bu diyarın zəngin tarixi-mədəni irisindən bəhs edib.
Filmin rejissoru Rəhim Sadıxbəyli Diasporla İş üzrə Dövlət Komitəsinə və Naxçıvan Mədəniyyət Nazirliyinə, eləcə də filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivinə minnətdarlığını bildirib.