Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə “Yaşıl vətən, yaşıl dünya” adlı sərgi təşkil olunub.

Muzeydən bildirilib ki, sərgi “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunub.

Tədbirdə muzeyin direktoru Sədi Mirseyibli, Rəssamlıq Akademiyasının prorektorları – Xalq rəssamları, professorlar Fuad Salayev, Səlhab Məmmədov, akademiyanın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxış ediblər.

Sərginin Azərbaycan incəsənətində davamlı inkişafın simvolu olduğu və gələcək nəsillərə ətraf mühitə məsuliyyətli yanaşma mesajı verdiyi vurğulanıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan 40-dan çox əsərdə Azərbaycanın zəngin və rəngarəng təbiəti aydın şəkildə öz əksini tapıb.

Bədii hissədə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.

Sərgi noyabrın 25-dək davam edəcək.