Bayram bayrama qovuşanda gözəl olur...

 

Ta qədimdən savaşlarda qazanılan qələbələr, fatehlərin zəfərləri göyə ucaldılan bayraqlarla bəyan edilib. Savaş doğma yurdun azadlığı, Vətən torpağının bütövlüyü, milli dövlətin suverenliyi uğrunda gedirsə, bu müqəddəs amal naminə canını fəda edənlərin şəhadəti kimi, qazanılan qalibiyyəti aləmə bildirən bayraqların da yeri ucadan ucadır.

2020-ci ilin 8 noyabrında əzəli yurd yerimiz Şuşanın qala divarında asılan üçrəngli bayrağımız kimi. Otuzillik işğala son qoyan Vətən müharibəsindəki Zəfər Şuşada bayrağımızla taclandı.

8 Noyabr – Azərbaycanın yeni tarixinin və ümumilikdə götürsək, minilliklərlə ölçülən ulu keçmişimizin ən şanlı səhifəsi, 2020-ci ilin Vətən müharibəsində Zəfər günüdür. Bu Zəfərin tarixə yazıldığı qala-şəhərimiz, mədəniyyət paytaxtımız yenidən doğuluşunun ildönümünü – milli təqvimimizdə parlaq yerini alan Şuşa Şəhəri Gününü qeyd edir. Zəfərli şəhər artıq dördüncü ildir bu günü yeni növrağı, möhtəşəm quruculuq mənzərəsi ilə qarşılayır.

Tarixin yazısına, qismətinə bax ki, təqvimimizdə 8 Noyabrın ardınca gələn gün – 9 Noyabr da böyük bayramdır: Dövlət Bayrağı Günü.

1918-ci ilin bu günü milli dövlətçilik tariximizin ilk səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilib. Bir kərə yüksələn bayraq... Azərbaycan sovetləşəndən (1920) sonra endirilsə də, 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən  dövlətimizin rəmzi oldu.

Otuz ilə yaxın bu bayrağın bütün Vətən torpaqlarında göylərə ucalması ən müqəddəs arzumuz oldu. 2020-ci ilin 44 günlük müqəddəs savaşında azad edilən yurd yerlərimizdə Ali Baş Komandana edilən hər qalibiyyət raportu ucalan bayrağımızla tarixə həkk edildi.

8 Noyabr Zəfərinin labüd davamı olan 2023-cü ilin 20 sentyabr Qalibiyyəti də Xankəndidə qaldırılan bayraqla dövlət suverenliyimizin tam bərpasını bütün dünyaya duyurdu...

8 Noyabrdan sonra 9 Noyabr gəlir. Təqvimin sırası budur. Bizim üçün isə bu, sadəcə, sıralanan rəqəmlər deyil. Zəfərin arxasındakı Bayraq deməkdir.

Bayram bayrama qovuşanda, həqiqətən də, gözəl olur...

Bayramlarımız mübarək!