Tanınmış jurnalist, şair, ssenarist və tərcüməçi Zülfüqar Rüfətoğlu 9 noyabr 2024-cü il tarixində, ömrünün 66-cı ilində vəfat edib. O, Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Zülfüqar Əhmədzadə 22 iyun 1958-ci ildə Bakı şəhərində yazıçı, satirik şair, ssenari müəllifi Rüfət Əhmədzadənin ailəsində anadan olub. 1975-ci ildə 172 nömrəli orta məktəbi qızıl medalla başa vurub. 1980-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki ADU) fərqlənmə diplomu ilə bitirib.1985-ci ildən mətbuat sahəsində fəaliyyətə başlayıb, “Azərbaycan qadını” jurnalı, “Kommunist”, “Səhər”, müstəqillik illərində “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində çalışıb. 20 ilə yaxın Londonda BBC radiosunun Azərbaycan xidmətində fəaliyyət göstərib. 1996-cı ildə BBC-nin xətti ilə Ermənistanda, işğal altındakı Şuşa və Xankəndi şəhərlərində olub. Bu səfərdən sonra “Atəşkəs kölgəsində” adlı radiooçerklər silsiləsini qələmə alıb.

Bədii yaradıcılıqla da məşğul olan Zülfüqar Rüfətoğlunun şeirləri mütəmadi olaraq müxtəlif mətbuat orqanlarında dərc olunub. Görkəmli bəstəkarlar Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev onun sözlərinə mahnılar yazıblar.

Zülfüqar Rüfətoğlu “Şirbalanın məhəbbəti” (rejissor C.Quliyev, 1991) bədii filminin ssenari (Hacıbaba Bağırovla birgə) müəllifidir.

Allah rəhmət eləsin.