AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şuşa şəhərinin tarixi və mədəniyyəti qədim əlyazmalarda və əski çap kitablarında” mövzusunda tədbir keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açıb, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini vurğulayıb.

Tədbirdə “Fəth olunmaz qalanın fəthi”, “Azad Şuşa obrazı – Vətənpərvərliyin və milli qürurun poetik ifadəsi”, “Laçın haqqında xatirələrim”, “Qərbi Azərbaycan və Qarabağın tarixi abidələri”, “Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan – 8 Noyabr Zəfər günü”, “İnstitutumuzda Şuşa şəhəri haqqında mühafizə olunan əlyazmalar”, “Mirzə Xosrov Şaiq Axundzadənin “XIX əsrdə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların yaşadıqları tarixi yerlər” adlı kitabı haqqında” mövzularında məruzələr dinlənilib, slayd və videoçarxlar nümayiş olunub.

Daha sonra iştirakçılar Əlyazmalar İnstitutunun Kitabxanasının 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladığı, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisi ilə tanış olublar.