Üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsis olunub. Əlamətdar gün münasibətilə bölgələrdə də silsilə tədbirlər keçirilib.

***

Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzi, Tovuz şəhər Aşıq Əsəd Rzayev adına Uşaq musiqi məktəbi, Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şücaətinə vurğunam, Ana yurdum!” adlı tədbir keçirilib.

***

Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət evində keçirilən tədbirdə qeyd edilib ki, suverenliyimizin rəmzi, qürur qaynağımız olan üçrəngli bayrağımız bu gün uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

***

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Bayraq mənim iftixarım” mövzusunda tədbir keçirilib.

Bildirilib ki, üçrəngli bayrağımız dövlətimizin suverenliyinin rəmzidir. Bayraq Azərbaycanın hər bir vətəndaşının fəxr və qürur mənbəyidir. Sonda şagirdlər vətənsevərlik ruhlu şeirləri bədii qiraət ediblər.

***

Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara regional nümayəndəliyinin Lerik bölməsi və Lerik Rayon Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə Lerik rayon Bayraq Muzeyinə gənclərin ziyarəti təşkil olunub.

Ziyarət zamanı gənclərə Azərbaycan bayrağının tarixi, rənglərinin və simvollarının mənaları haqqında ətraflı məlumat verilib.

N.Məmmədli