İngilis dilində ədəbiyyat üzrə ən nüfuzlu təltif sayılan Buker mükafatının (The Booker Prize) 2024-cü ildə qalibi Samanta Harvi (Samantha Harvey) olub.
49 yaşlı ingilis yazıçının mükafata layiq görülən “Orbit” romanı beynəlxalq kosmik stansiyada olan altı astronavtın həyatından bir günü əks etdirir.
Mükafatın saytında qeyd olunur ki, kitab “hər bir insan həyatının fərdi və kollektiv dəyərini əks etdirərək sizi Yerin əzəmətini müşahidə etməyə dəvət edir”.
Bu, Buker mükafatını qazanan ilk kosmos mövzulu kitabdır və eyni zamanda 136 səhifəlik ən qısa romandır.
Xatırladaq ki, Buker mükafatı 1968-ci ildə Buker-Makkonnel (Booker-McConnel) qida şirkətinin dəstəyi ilə təsis edilib. Mükafatın məbləği 50 min funt-sterlinqdir.
2005-ci ildən isə mükafata əlavə olaraq Beynəlxalq Buker mükafatı (The İnternational Booker Prize) da təsis edilib. Bu mükafat ingilis dilinə tərcümə olunmuş və Böyük Britaniyada çap edilmiş əsərlərə verilir. Onun da məbləği 50 min funt-sterlinqdir və müəllif ilə əsərin tərcüməçisi arasında bərabər bölünür. 2024-cü il üçün bu mükafata almaniyalı yazıçı Cenni Erpenbek və onun “Kairos” romanını ingilis dilinə tərcümə edən Maykl Hofmann layiq görülüblər.