“Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm”
COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.
“Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabının ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.
Nəşrdə Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.
2020-ci ildən start götürən layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb.
Tədbirdə çıxış edən Leyla Əliyeva deyib: “Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Atalarımız demişkən: “Gəzməsən, bilməzsən”. Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm. Mən bu möhtəşəm iş üçün bütün komandaya təşəkkürümü bildirmək istəyirəm və Lerikdə birlikdə keçirdiyimiz günləri heç zaman unutmayacağam. Bu kitab bizi təbiəti sevməyə və qorumağa çağırır. Təbiət bizə həyat bəxş edir, biz də onu sevməyi öyrənək”.
Layihənin fotoqraflarından Aleksey Lyokin çəkilişlər zamanı ölkəmizin bütün guşələrinə səfər etdiklərini, bölgələrin nadir təbiəti ilə tanış olduqlarını bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb:
“İşğaldan azad olunmuş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda çəkilişlər zamanı qeyri-adi hisslər yaşadıq. Qarabağ və Şərqi Zəngəzurun gözəlliyi göz oxşayır. Kəlbəcərdə yerləşən İstisu bulağı və Şuşadakı Çətir şəlaləsi möhtəşəmdir. Kəlbəcərdəki bazalt qayaları diqqəti cəlb edir”, – deyən A.Lyokin dünyanın ən qədim yaşayış məskənlərindən sayılan Azıx mağarasında aparılan çəkilişləri də vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nüsxələrini təqdimatda iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikə və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib.
Qeyd edək ki, kitab Azərbaycan və ingilis dillərində hazırlanıb. Nəşrə daxil olan fotolardan ibarət sərgi və lentə alınan sənədli filmin təqdimatı da nəzərdə tutulub.