Qədim İpək yolunun qovşağında yerləşən Çinin Dunhuanq şəhərində “Tərcümə və İpək yolu sivilizasiyası” simpoziumu keçirilib.
Dunhuanq Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən alimlər Dunhuanq və onun ətrafında tapılan müxtəlif dillərdə qədim əlyazmaların tərcümə metodları, müasir dövrdə tərcümənin sivilizasiyalararası münasibətlərdə əhəmiyyəti, tərcümənin linqvistik aspektləri, freskaların intersemiotik tərcüməsi, qədim İpək yolu üzərində ədəbiyyat və digər mövzular ətrafında 50-dən çox tədqiqat əsərlərini təqdim ediblər.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinin direktoru Aqşin Əliyev “Asiya klassik əsərlərinin qarşılıqlı tərcümə layihəsi: əhəmiyyəti, çağırışları və təsiri” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Aqşin Əliyev qeyd edib ki, Dunhuanq şəhərinin zəngin tarixi abidələri, əlyazmaları, mağaralarda divar rəsmləri artıq 100 ildən çoxdur dünya alimlərinin diqqətini cəlb edir. Burada XX əsrin əvvəllərində mağaralarda aşkar olunan minlərlə qədim əlyazlamaların əksəriyyəti və daşına bilən digər tarixi abidələr Fransa, İngiltərə, ABŞ, Yaponiya və digər ölkələrin alimləri tərəfindən oğurlanıb və ya ucuz qiymətə alınaraq xaricə aparılıb. Hazırda həmin ölkələrin ən məşhur muzey, kitabxana və arxivlərində saxlanılır. IV-XI əsrləri əhatə edən bu əlyazmaların məzmunu buddist sutraları, rəsmi yazışmalar, digər kiçik dinlərə aid mətnlər, mədəniyyət, cəmiyyət, ədəbiyyatı əhatə edən mətn nümunələrindən ibarətdir.
Dunhuanq şəhərində tapılan 50 mindən çox əlyazmanın müəyyən hissəsi qədim uyğur dilindədir və dünya türkologiya elmi üçün qiymətli mənbədir.