Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də COP29-da iştirak edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd edib ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında müqaviləni qeyd edib.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü bildirib. Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə Özbəkistan rəhbərinə minnətdarlığını bildirib.

Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq ifadə olunub. Ölkəmizin Özbəkistanda ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi olub.

Prezident İlham Əliyev qeyd edib ki, bu fabrik birliyimizin daha bir rəmzidir: “Bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə yüzlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər”.

Qeyd edək ki, fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin investisiya dəyəri 11 milyon manat təşkil edir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə 250 nəfər işlə təmin olunub.