COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.
Qoruğun muzeyində nümayiş etdirilən eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa edən qonağa Qobustan abidələri, ərazidə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Azərbaycana sayca dördüncü səfəri olsa da, ilk dəfə Qobustan qoruğunu ziyarət etdiyini bildirən Peter Pelleqrini Qobustan qayaüstü təsvirlərini heyrətamiz adlandırıb, abidələrlə tanışlıqdan və göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətirib.
Slovakiya Respublikasının Prezidenti qoruğun xatirə kitabına xoş təəssüratını yazıb. Səfərdə Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak da iştirak edib.
***
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Nepal Prezidenti Ramçandra Paudel və onu müşayiət edən nümayəndə heyəti isə Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Muzeyin direktoru Əminə Məlikova qonaqlara qədim və zəngin tarixi-mədəni irsimiz olan xalça sənəti, muzeyin kolleksiyaları, nadir sənət nümunələri barədə məlumat verib.
Prezident Ramçandra Paudel və nümayəndə heyətinin üzvləri muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Ölkə başçısına “Azərbaycan Milli Xalça Muzeyi” kitabı hədiyyə edilib.
***
COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Milli Azərbaycan Tarixi Muzeyində olub.
Muzeyin direktoru akademik Nailə Vəlixanlı qonaqlarla görüşdə Azərbaycan-Monqolustan mədəni-tarixi əlaqələri haqqında söhbət açıb.
Monqolustan rəhbəri muzeydə Azərbaycanın qədim mədəni irsi və tarixi ilə tanış olub. Muzeyin yeni ekspozisiyasında nümayiş olunan, Mingəçevirdə arxeoloji qazıntılar zamanı tapılmış monqol xalatı və dövrün nadir numizmatik nümunələri onun diqqətini xüsusilə cəlb edib.
***
COP29-da iştirak edən Monteneqro Prezidenti Yakov Milatoviç noyabrın 14-də Heydər Əliyev Mərkəzində olub. Ali qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında geniş məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Yakov Milatoviçə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.