Noyabrın 11-də Bakıda işə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasının (COP29) gündəmində mədəniyyət və ətraf mühit məsələləri də var.
Sessiya çərçivəsində noyabrın 15-də mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək.
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə gerçəkləşən görüşdə rəsmilər, ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələri – ümumilikdə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Tədbirdə yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinə daxil edilməsi üçün beynəlxalq konsensusa nail olunması məqsədilə səylər göstəriləcək.
Noyabrın 16-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünə həsr olunan sessiya keçiriləcək. Sessiyada mədəni yanaşmaların iqlimlə bağlı məsələləri təşviq etməsi, inklüzivliyin artırılması kimi mövzular müzakirə olunacaq.
Həmin gün Azərbaycanın “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçiriləcək. C4C təşəbbüsü mədəniyyəti iqlim müzakirələrinin mərkəzinə çəkərək qlobal səviyyədə mənalı davranış dəyişikliklərinə ilham verməyi və mədəniyyətin davamlı gələcək üçün güclü bir vasitə olduğunu göstərməyi hədəfləyir.