Niderlandın paytaxtı Amsterdamda keçirilən 10-cu “Cello Biennale Amsterdam” festivalında Firəngiz Əlizadənin “Şövq” adlı yeni əsərinin premyerası olub.

“Amsterdam Sinfonietta” orkestrinin sifarişi ilə xüsusi olaraq bu festival üçün yazılmış violonçel konserti Vyanadan olan gənc virtuoz Kian Soltani tərəfindən ifa edilib.

Firəngiz Əlizadənin əsərinin premyerası böyük uğurla keçib. Müəllif və solist tamaşaçıların alqışları ilə dəfələrlə səhnəyə çıxıb.

Konsertdə həmçinin “Amsterdam Sinfonietta”nın musiqiçiləri Firəngiz Əlizadənin ABŞ-nin “Kronos” kvarteti üçün yazdığı məşhur “Dance” əsərini möhtəşəm şəkildə ifa ediblər.

“Cello Biennale Amsterdam” festivalı haqqında məlumat verən nəşrlər və musiqi jurnallarında Firəngiz Əlizadənin həyat və yaradıcılığına dair materiallar dərc olunub. Azərbaycan bəstəkarı “müasir akademik musiqinin canlı klassiki” adlandırılıb.

“De Nieuwe Muze” jurnalına müsahibəsində Firəngiz Əlizadə Azərbaycanın zəngin musiqi ənənələrindən, peşəkar musiqinin banisi Üzeyir Hacıbəylidən və onun bənzərsiz “Leyli və Məcnun” operasından danışıb. ARTE televiziya proqramında da “Cello Biennale Amsterdam” haqqında süjetdə Firəngiz Əlizadənin yeni əsərinin premyerasına diqqət yetirilib.