Biz COP29-un təşkilinə və bu genişmiqyaslı tədbirin hazırlanması boyunca göstərilən davamlı öhdəliklərə görə Azərbaycana təşəkkürümüzü və təbrikimizi bildiririk.
Mərakeş Krallığının Baş naziri Aziz Axannuç (Akhannouch) bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində (12-13 noyabr) çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, Kral VI Məhəmmədin rəhbərliyi altında Mərakeş uzun illərdir həm beynəlxalq, həm milli, həm də qitə səviyyəsində enerji keçidində mühüm rol oynamağa sadiqdir.
Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Baş nazir çıxışında ölkəsinin Marrakeş şəhərində keçirilən COP22-də (7–18 noyabr 2016-cı il – red.) Afrika Kənd Təsərrüfatının Uyğunlaşması Təşəbbüsünün (Triple A) irəli sürüldüyünü xatırladıb. Bildirib ki, bu təşəbbüs Afrika kənd təsərrüfatını dəyişdirmək və ətraf mühiti qorumaqla iqlim dəyişikliyinə qarşı mübarizə aparmağı hədəfləyir. Triple A üç əsas istiqamətdə fəaliyyətini davam etdirir: torpaq idarəçiliyinin təkmilləşdirilməsi, suvarma üçün suya çıxışın artırılması və dayanıqlı kənd təsərrüfatı texnologiyalarının tətbiqi.
Baş nazir diqqətə çatdırıb ki, Mərakeşdə bərpa olunan enerjilər hazırda elektrik istehsalı gücünün təxminən 40%-ni təşkil edir və bu göstərici 2030-cu ilədək 52%-ə çatdırılacaq.
Eyni zamanda, ölkə dekarbonizasiya hədəflərinə yeni struktural layihələri, o cümlədən bərpa olunan enerji vasitəsilə dəniz suyunun duzsuzlaşdırılması, biokütlə dəyərləndirilməsi və yaşıl hidrogen layihələrini əlavə edib. Günəş və külək enerjisi resurslarına, həmçinin investorları cəlb etməkdə geniş təcrübəyə malik olan Mərakeş karbon neytrallığı məqsədinə çatmaq üçün əsas məsələlərdə mühüm rol oynamağı qarşısına məqsəd qoyur.
“İqlim dəyişikliyi səbəbindən daha tez-tez və intensiv baş verən təbii fəlakətlər böyük insan və iqtisadi itkilərə səbəb olur, qida təhlükəsizliyinə, səhiyyə infrastrukturlarına və içməli suyun əldə edilməsinə təsir göstərir. Dünya COP29-dan ekoloji keçidi sürətləndirmək və bu keçidin həyata keçirilməsi üçün zəruri vasitələri həmrəyliklə təmin etmək məqsədilə konkret öhdəliklər gözləyir. Xüsusən uyğunlaşma fondları və iqlim sığorta mexanizmləri üçün davamlı maliyyə həlləri, keçmişdə karbon emissiyalarında ən az məsuliyyət daşıyan, lakin ən çox zərər görən ölkələrin dayanıqlığını gücləndirməyə imkan verəcəkdir”, – deyə Mərakeş Krallığının Baş naziri bildirib.