Ədliyyə Nazirliyinin Probasiya Xidməti və Mediasiya Şurası tərəfindən mediatorlar üçün “Probasiya sistemində bərpaedici ədliyyənin tətbiqi” mövzusunda təlimlər təşkil edilib. Təlimlərə Azərbaycan Universitetinin Probasiya Xidmətində könüllü olaraq fəaliyyət göstərən magistratura tələbələri də qoşulub.

Bu barədə Azərbaycan Universitetindən məlumat verilib.

Təlimin açılışında Probasiya Xidmətinin rəisi Vüqar Ağayev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək bərpaedici ədliyyənin və ölkəmizdə bu mexanizmin tətbiqinin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, layihə mediatorların iştirakı ilə ilk dəfə və pilot olaraq həyata keçirilir.

İkigünlük təlimlərdə 15 mediator iştirak edib. Təlimçilər bərpaedici ədliyyənin konseptual və praktiki məsələləri, cinayət işlərində mediasiyanın tətbiqi, zərərçəkmişlə cinayət törətmiş şəxs arasında mediasiyasının məqsədləri və bu mexanizmin ölkəmizin probasiya sistemində tətbiqi perspektivləri, probasiya və mediasiyasının ümumi cəhətləri, habelə mediasiya qanunvericiliyinin mühüm məqamları ilə bağlı təqdimatlarla çıxış ediblər.

Təlimlərdə Azərbaycan Universitetinin tələbələri İmran Hüseynli, Arzu Bədəlova və Hacı Soduyevin də təqdimatları dinlənilib. İmran Hüseynli “Sosial işin mahiyyəti və sosial işçinin rolu” mövzusunda çıxış edərək sosial işin əsas prinsipləri və sosial işçinin rolu haqqında məlumat verib. Arzu Bədəlovanın çıxışı “Bərpaedici ədliyyə və mediasiya prosesində sosial işin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub. O, sosial işçilərin bərpaedici ədliyyə və mediasiya prosesində iştirakının əhəmiyyətini, mediatorların sosial işçi və psixoloq yanaşmalarını mənimsəmələrinin psixoloji sağlamlığa və benefisiar münasibətlərinə olan təsirini vurğulayıb. Hacı Soduyev “Bərpaedici ədliyyədə sosial dəstək sistemləri: Sosial işçilərin iştirakı və əməkdaşlıq” mövzusunda təqdimat edib. Təqdimatda sosial işçilərin fərdlərə sosial dəstək göstərməsinin və digər mütəxəssislərlə əməkdaşlığının vacibliyi qeyd olunub.