F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib.

“Uşaq hüquqları aylığı”na (20 oktyabr – 20 noyabr) həsr olunmuş tədbirdə uşaq yazarı Gülzar İbrahimova, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları, Vətən müharibəsi qazilərinin ailələri və övladları iştirak ediblər.

Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq iştirakçıları salamlayıb və uşaq hüquqları və onların müdafiəsi barədə ətraflı məlumat verib.

Kitabxananın əməkdaşı tərəfindən “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda təqdimat olub.

Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları “Uşaq hüquqları haqqında” BMT konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq və ailə, uşaq və cəmiyyət mövzularında məlumat veriblər.

Tədbirdə uşaq yazarı Gülzar İbrahimova Vətən mövzusunda şeirlər səsləndirib, tədbir iştirakçılarına kitablar hədiyyə edilib.