Bizə səhnədən hansı mesajları verdi?
Hamımızın evi olan Yer kürəsi böyük sıxıntılar içindədir. Savaşlar, təbiətin öz şıltaqlıqları, qısacası, dünyanı başına alan fəlakətlər onun düzənini ciddi şəkildə pozub. Ola bilər bunu bir çoxumuz çox gec başa düşmüşük, ya da heç fərqində deyilik. Amma ağacdan düşən sonuncu yarpaq qışdan sonrakı baharda açacaq tumurcuğun müjdəçidirsə, deməli, hələ nə isə işıq var...
Qırğızıstandan gələn və əsası gənclərdən ibarət truppanın 13-14 noyabr tarixlərində Bakıda, Akademik Musiqili Teatrın səhnəsində nümayiş etdirdiyi “Adəm” balet-tamaşası da bizə o işığı göstərdi.
Aktyor-rejissor Çaqaldak Zamirbekov və balet artisti Alina Mambetalievanın quruluşunda təqdim olunan balet-tamaşa Qırğızıstanın “Artist” teatr truppasının təşəbbüs qrupu ilə Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının birgə layihəsidır.
Nümayişdən öncə tamaşa haqqında geniş məlumat verən qırğız nümayəndələr vurğuladılar ki, “Qırğızıstan Tələbələri Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə gələn bu layihənin əsl mahiyyəti dünya əhalisini planetin ekoloji tarazlığının bərpası üçün birgə mübarizəyə çağırışdır.
Sonra Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Mader Maşiyev səhnəyə dəvət olundular.
Onlar bu layihənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə Bakıda təqdimatının əhəmiyyətini, yaşıl dünya naminə birləşməyin, həmrəyliyin vacibliyini qeyd etdilər.
Birhissəli tamaşa, xoreoqrafik elementlərlə zəngin maarifləndirici performans da deyə biləcəyimiz “Adəm” maraqlı bir mövzunu – İnsan, Cəmiyyət və Təbiət arasındakı ziddiyyətləri önə çəkir. Özü də sadə təsvir ilə. Məsələn, hamımızın mənzilimizdən, üst-başımızdan silib-süpürüb təbiətin, böyük evimiz olan dünyanın “üstünə” atdığımız zir-zibillərlə. O zibillər ki, sonradan üzərimizə yük kimi, sel kimi gəlir...
Tamaşa boyu gərgin musiqi və rəqs elementləri təbii ehtiyatların davamlı istismarı, flora və faunanın məhv edilməsi, biznes və iqtisadi inkişaf naminə kütləvi istehsal və istehlakın tullantıları ilə Yer kürəsinin sürətlə çirklənməsinə və bütün bunların bəşəriyyəti qlobal ekoloji böhrana gətirib çıxarmasına kəskin vurğu idi.
Bu “Adəm” o Adəmdən daha günahkardır. O Adəmin günahının cəzası alma ilə dünyaya göndərilmək idisə, bu “Adəm”in cəzası dünyadan məhrumluqdur.
Ekoloji cəhətdən dayanıqlı gələcək uğrunda mübarizədə əsas addım ekoloji mədəniyyətin formalaşdırılması, yəni canlı təbiətə sevgi və dəyərə əsaslanan münasibətdir ki, qırğız sənətçilər səhnədə diqqəti buna yönəltmək üçün dəridən-qabıqdan çıxdılar. Bəzən sadə sinxronluğun pozulmasını, baletə xas ritmik elementlərdə kasadlığı nəzərə almasaq, maarifləndirici nöqteyi-nəzərdən nümunə vacib mesajını ötürə bildi. Başlıca mesaj isə təbii irsin qorunub saxlanılması, ekoloji mədəniyyətin inkişafı, ekoloji dayanıqlılıq naminə hərəkatda öncüllükdür.
Qırğızıstanda 2022-ci ildə elan olunan “Dağ ekosistemlərinin mühafizəsi və iqlimə davamlılıq ili” çərçivəsində hazırlanan balet tamaşası bizim auditoriya üçün yeni və bir o qədər də maraqlı idi.
“Adəm” həm də ümumilikdə qırğız gəncliyinin özündən əvvəlki nəslə etirazı kimi də anlaşıla bilər. Təbii ki, təbiətə sevgi və qayğı mənasında. Tamaşa seyrçini alternativ dünyaya qərq edərək, həyəcan siqnalı çalmağa səsləyir. Təbiət qanunları insan qanunları ilə mübarizə aparır, xəyallar və reallıq aləmləri bir-birinə qarışır və buradan məxluqlar doğulur: mələklər, yoxsa şeytanlar? Gənc balerina mələk qiyafəsində çırpınır, özünü oda-közə vuraraq insanları təbiəti sevməyə, qorumağa çağırır. Hətta bir gün təbiətin onlardan ağır qisas alacağını izhar edir. Amma insanlar ona qulaq asmırlar. Sonra üfunət qoxuyan zibil tayalarından bir Bədheybət yaranır və o hamını idarə etməyə, arxasınca aparmağa çalışır. Məhz bu zaman, bu müşkül məqamda hər kəsi bir sual düşündürür: Dünyanı necə xilas edək?!.
“Dünyada qüvvələr çoxdur, lakin təbiətdə insandan qüvvətli heç nə yoxdur. Təbiətlə insan üzvi əlaqədədir, lakin son illərdə ana təbiətlə onun övladı arasında müəyyən mübarizə başlanıb. Elə bil insan həddini aşaraq hər dəqiqə təbiətə təslim aktını imzalamağı təklif edir. Lakin onu unutmaq olmaz ki, insan təbiətlə maddi tarazlıq halında mövcuddur. O, özünə lazım olan hər cür maddi nemətləri təbiətdən götürür” deyirdi yüzilliklər öncə yunan mütəfəkkiri Sofokl.
Təbiətin harmoniyasının bərpası və yaşıl dünyanın qələbəsi ilə bitən “Adəm” də təxmini bu fikrin səhnə təsviridir.
Tamaşada diqqətimi cəlb edən məqam geyimlər, musiqi, dekorasiya, xoreoqrafiya – hər şeyin gənc rəssamlar, bəstəkarlar, rejissorlar və xoreoqraflar tərəfindən müasir mədəniyyət və mühitin fiqur, obraz və səslərindən ilhamlanaraq yaradılmasıdır. Ki, məhz bu məqama görə yuxarıda qeyd etdiyim və etmədiyim texniki və yaradıcı qüsurları görməzdən gəlmək olar...
Həmidə