BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı və Naxçıvan Dövlət Energetika Xidməti də öz töhfəsini verib.

NMR Energetika Xidməti və Naxçıvan teatrının birgə layihəsi olaraq hazırlanan “Odunçunun nağılı” adlı səhnə əsəri nümayiş olunub. Tamaşanın leytmotivini yaşıl enerjiyə keçid, təbiətin mühafizəsi və ekoloji təmizliyə çağırış təşkil edir.

Yazıçı Eluca Atalının “Odunçunun nağılı” folklor nümunəsindən ilhamlanaraq qələmə aldığı eyniadlı səhnə əsərində qalaktikada yaşıl ada olan planetimizdə ekologiyanın qorunması, günəş işığının, suyun və küləyin önəmi vurğulanır.

Əsərdə hadisələr Xalanın Atanura nağıl danışması ilə başlayır. Xala nağıl danışdıqca tamaşaçılar sanki sehrli bir aləmə daxil olurlar. Bu aləmdə elə bil ağaclar rəqs edir və təbiət dil açaraq danışır. Təbiətə ziyan vurmağa çalışan odunçunun məqsədi meşədə ağacları doğrayıb və onları bazarda satmaqdır. Lakin Xala və Atanur ona mane olaraq hər ağacın nə qədər faydalı olduğunu izah edir və  bəd niyyətindən çəkindirirlər.