Paris razılaşmasının 6-cı bəndi üzrə on ildən artıqdır danışıqlar aparılsa da, məhz COP29-da bununla əlaqədar ciddi irəliləyiş əldə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bunu noyabrın 17-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (1992-ci il) əsasən imzalanan Paris razılaşması 2020-ci ildən atmosferdə karbon qazının azaldılması üzrə tədbirləri tənzimləməli idi. Lakin 2015-ci ildə Parisdə keçirilən COP21-də konsensusla qəbul edilən sənəd müvafiq bəndlər üzrə mübahisələr səbəbindən hələ də imzalanaraq qüvvəyə minməyib.
Prezident İlham Əliyev bildirib ki, COP29 maliyyə mövzusuna həsr olunub və burada yeni iqlim maliyyə hədəfinin müəyyənləşdirilməsi gözlənilir. Beynəlxalq ictimaiyyət də bunu gözləyir. Beynəlxalq maliyyə və bank strukturları tərəfindən COP29-da iqlim maliyyəsi ilə bağlı verilən açıqlamalar da bu istiqamətdə ümidverici addım sayıla bilər.
Amerikalı qonaqlar Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar.
Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.
Dövlətimizin başçısı son 30 ildə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığı qeyd edib. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nə toxunan İlham Əliyev o zaman ABŞ hökumətinin bu layihəyə dəstəyini xatırlayıb və bu müqavilənin ABŞ və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunması işinə töhfə verdiyini, ötən dövr ərzində energetika sahəsində əməkdaşlığın möhkəmləndiyini deyib.
Dövlətimizin başçısı Azərbaycanın yaşıl enerji strategiyası haqqında danışaraq, ölkəmizin beynəlxalq tərəfdaşlarla birlikdə bərpaolunan enerjinin istehsalı potensialını artırdığını və 2027-ci ilədək Azərbaycanın enerji istehsalının 30 faizinin yaşıl enerjinin payına düşəcəyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik enerjisi kabeli layihəsinə toxunub, bu xüsusda dövlətimizin region ölkələri – Gürcüstan, Rumıniya və Macarıstanla əməkdaşlığını qeyd edib. Həmçinin Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi vasitəsilə yaşıl enerji sahəsində əməkdaşlığı, COP29 zamanı Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və transmissiyası haqqında imzalanmış sənədi vurğulayan İlham Əliyev deyib ki, Azərbaycan region ölkələri ilə birlikdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizi formalaşdırır.
Prezident Azərbaycanın Xəzər dənizində böyük həcmdə bərpaolunan külək enerjisi potensialının olduğunu vurğulayıb, hidroenerji resurslarının da inkişaf etdirildiyini və bunun da böyük enerji istehsalı həcmlərinə çatacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan yaxın dövr ərzində 4 giqavat gücündə bərpaolunan enerjinin Avropa İttifaqı bazarına ixrac etmək imkanına malik olacaq.
Söhbət zamanı Azərbaycan ilə ABŞ arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu qeyd edilib.
Prezident ölkəmizin regional sülh gündəliyinə sadiq qaldığını, onu dəstəklədiyini vurğulayıb, sülh müqaviləsinin təşəbbüskarının Azərbaycan olduğunu xatırladıb.
Ölkəmizin otuz il ərzində Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qaldığını, hazırda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini deyən dövlətimizin başçısı bu münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığını bildirib.
Azərbaycan Prezidenti Ermənistanın militarizasiya və silah yarışı siyasətinin regional sülh və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının vacibliyini qeyd edib. Bildirib ki, Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır.
Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan və ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.